Azərbaycan regional və qlobal sülhə öz töhfəsini verir
Beynəlxalq nüfuzlu bir tədbir olan, mart ayının 9-dan 11-nə kimi davam edən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-a yaxın nümayəndənin iştirak etməsi aparılan müzakirələrin əhəmiyyətinin və səviyyəsinin kifayət qədər yüksək olduğunu nümayiş etdirirdi. X Qlobal Bakı Forumunda yeni dünya nizamına təhdid yaradan amillər, o cümlədən təhlükəsizlik məsələsi, bölünmüş dünyada dayanıqlılığın qurulması, qarşıda duran çağırışların həlli yolları müzakirə olunur, eyni zamanda, dünyanı sarsıdan münaqişələr, meqa təhdidlər, iqlim, qida və nüvə təhlükəsizliyi ilə əlaqədar fikir mübadiləsi aparılır. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması kimi tədbirlər əsas müzakirə mövzularına çevrilir. İştirakçılar tərəfindən, həmçinin Avropanın gələcəyi ilə bağlı təsəvvürlər də bölüşülərək, populizmin və ekstremizmin mənbəyi araşdırılır, bu qlobal bəlaya qarşı səmərəli mübarizə yolları açdırılır. Prezident İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirləri də məhz həmin məsələlər fonunda diqqətə çatdırıb. Qoşulmama Hərəkatı haqqında da fikir bildirən Prezident cənab İlham Əliyev qeyd edib ki, biz Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdıq. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə biz təşəbbüsümüzlə Parlament Şəbəkəsini yaratdıq. Onun ilk iclası Bakıda təşkil edildi. Bundan əlavə, Hərəkatın Gənclər Şəbəkəsi də təsis edildi və onun katibliyi Bakıda yerləşir. Biz bu ilin sonunda sədrliyimiz başa çatdıqdan sonra da səylərimizi davam etdirəcəyik. Çünki biz bugünkü parçalanmış dünyada belə bir Hərəkata böyük ehtiyacın olduğunu görürük. Cənab İlham Əliyev Forumun açılış mərasimində çıxışında qlobal gündəliyin aktual məsələləri ilə bağlı Azərbaycanın mövqeyini və sülh quruculuğu ilə əlaqədar təcrübəsini diqqətə çatdırıb. Həmçinin Azərbaycanın sülh quruculuğu ilə bağlı səylərini və Qoşulmama Hərəkatı müstəvisində yeni uğurlu əməkdaşlıq təcrübəsini təqdim edib. Tarixi Zəfərimizdən sonra regionda və dünyada baş verən hadisələri təhlil etdikdə görürük ki, 30 illik işğal dövrünün ədalətsizliyinin, hadisələrə biganə yanaşmaların yerini, müəyyən mənada ədalətli mühit tutmaqdadır. Ədalət və beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu təsdiqləyən, dünyaya dövlətlərarası münasibətlərdə etimad mühitinin mövcudluğunun əsas rol oynadığına çağırışlar edən məhz Azərbaycan oldu. Ermənistan kimi müstəqilliyi formal xarakter daşıyan, bu və ya digər dövlətin əlində oyuncağa çevrilən ölkə üçün bu məfhumlar heç zaman önəmli ola bilməz. Prezident cənab İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında bununla bağlı bildirmişdir: “Vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin”. Həmçinin çıxışda Azərbaycanın sabit, dayanıqlı və inkişaf etmiş region yaratmaq istəyi, Qarabağ münaqişəsinin həllinin buna unikal imkan yaratması haqqında məqamlara toxunulması, o cümlədən, ATƏT-in Minsk Qrupu haqqında qəti fikirlər də X Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq aləmin diqqət mərkəzində oldu. Forumun panel müzakirələrindən birinin enerji və daşımalar dəhlizlərinə, enerji keçidinə həsr olunduğunu deyən İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlığı və ümumilikdə beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə danışıb: “Beləliklə, biz dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq”. Ümumilikdə X Qlobal Bakı Forumu Prezident cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş, qətiyyətli siyasətinin növbəti təntənəsi olmaqla yanaşı, eyni zamanda rəsmi Bakının belə forumlara ev sahibliyi etməsi həmçinin Azərbaycanın regional və qlobal sülhə öz töhfəsini verdiyinin növbəti sübutudur.
Ramil Tağıyev
Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbi PHŞ- nin direktoru