Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ordumuzun şəhid olmuş hərbi qulluqçusu, polkovnik-leytenant Rəşad Hüseynovun il mərasimi keçirilib.

22 sentyabr 2024 | 13:43

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Daxili Qoşunlar Komandanının müavini – Şəxsi Heyət üzrə İdarənin rəisi general-mayor İnqilab Muradov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Füzuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Daxili Qoşunların Şirvan şəhərindəki hərbi hissəsinin komandiri Rəşadət Süleymanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Daxili İşlər Nazirliyinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri, şəhərin digər idarə, müəssisə və təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Rəşad Hüseynovun doğmalarına dərin hüznlə başsağlığı verərək, Allahdan rəhmət diləyib. Şəhidlərin bizim qürur yerimiz, fəxrimiz olduğunu, xalqımızın heç zaman Vətən naminə canını qurban vermiş şəhidləri unutmayacağını, onları əbədi xatirə kimi qəlbində yaşadacağını qeyd edib. İlqar Abbasov bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımız Vətən müharibəsində düşməni diz çökdürüb, 30 illik vətən həsrətinə son qoyulub. 44 günlük müharibəsindən sonra Ermənistanın kapitulyasiya Aktına imza atmasına baxmayaraq, erməni silahlı birləşmələrinin Qarabağda terror fəaliyyətlərini davam etdirmələri antiterror əməliyyatlarının keçirilməsini qaçılmaz edib. Bu əməliyyatlarla cəmi 23 saat ərzində terrorçular məhv edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Qeyd edib ki, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dövlət bayrağımızı ucaltmasını xalqımız iftixar və qürur hissi ilə izləyib.

Daha sonra general-mayor İnqilab Muradov şəhidin yaxınlarına baş sağlığı verərək, xalqımıza “Zəfər” bəxş edən Rəşad Hüseynov və digər döyüşkən ruhlu şəhidlərimizdən, müharibə iştirakçılarımızdan fəxarətlə söhbət açıb. Sonda şəhidin atası Rəhim Hüseynov dövlət səviyyəsində şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıya görə Prezident, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Şəhidlər xiyabanında digər şəhid məzarları da ziyarət edildikdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhərimizin qonaqlarını Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında 44 günlük müharibədə qazanılan qələbənin şərəfinə salınan Zəfər və Qarabağ xiyabanları ilə tanış edib, şəhidlərimizin xatirəsinə ucaldılan “Zəfər Abidəsi” qarşısında Daxili Qoşunlar Komandanının müavini – Şəxsi Heyət üzrə İdarənin rəisi general-mayor İnqilab Muradova “Zəfər abidəsi” xatirə hədiyyəsini təqdim edib.

Sonda açılan ehsan süfrəsində şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid polkovnik-leytenant Hüseynov Rəşad Rəhim oğlu 10 mart 1980-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 21 saylı tam orta məktəbdə təhsil alıb. C.Naxçıvanski adına hərbi liseyin və Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub. Daxili Qoşunlarda xidmət edib. 19-20 sentyabr 2023-cü il tarixlərdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Rəşad Hüseynov 22 sentyabr 2023-cü ildə Şirvan Şəhidlər xiyabanında dəfn edilib. Hərbi xidməti zamanı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)", 1-ci dərəcəli "Qüsursuz xidmətə görə", 2-ci dərəcəli "Qüsursuz xidmətə görə", 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunan Rəşad Hüseynov, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalları ilə təltif olunub. Ailəlidir, Rəşidə və Xədicə adında iki qız övladı var.

Keçidlər