Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu Tağıyev Əli Azad oğlunun il mərasimi keçirilib.

21 sentyabr 2024 | 13:33

Mərasimdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Əli Tağıyevin doğmalarına dərin hüznlə başsağlığı verərək, Allahdan rəhmət diləyib. Bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı, 30 illik vətən həsrətinə son qoyuldu. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın kapitulyasiya Aktına imza atmasına baxmayaraq, erməni silahlı birləşmələrinin Qarabağda terror fəaliyyətlərini davam etdirmələri antiterror əməliyyatlarının keçirilməsini qaçılmaz edib.

Qeyd edib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə aparılan antiterror əməliyyatları nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.

Sonra açılan ehsan süfrəsində şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Şəhidin doğmaları şəhid ailələrinə və qazilərimizə  göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Tağıyev Əli Azad oğlu 25 iyul 1998-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub. Şirvan şəhər 16 nömrəli tam orta məktəbin məzunu olub. Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib. Komando hərbi birləşmələrində xidmət edib. 19-20 sentyabr 2023-cü il tarixlərdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Əli Tağıyev 21 sentyabr 2023-cü ildə Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin müvafiq sərəncamları ilə "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Keçidlər