Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib

19 dekabr 2022 | 17:36

Müasir tələblər baxımından İKT-nin bələdiyyə idarəçiliyində tətbiq olunması gələcəkdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ölkənin maliyyə, vergi və digər qurumları ilə daha koordinasiyalı fəaliyyəti zərurətini yaradacaq. Cari ildə bələdiyyələrin əsas gəlir mənbəyi olan vergilərin və vergi obyektlərinin düzgün uçota alınması üçün konkret tədbirlər nəzərdə tutulub. Bu məqsədlə “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”nin (BAMS) imkanlarından istifadə edilməklə bələdiyyə xərclərində şəffaflığın və hesabatlılığın tam təmin olunması vacibdir. Bu barədə dekabrın 19-da Şirvan şəhəri, Gənclər Evində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağında ətraflı bəhs olunub. Respublikanın 68 şəhər bələdiyyələrindən və Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələrinin Assosiasiyasından seçilmiş 69 nümayəndənin iştirakı ilə keçirilən ümumi yığıncaqda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı, Milli Assosiasiyasının 2023-cü il üçün büdcəsi, eləcə də təşkilati məsələlər müzakirə edilib. Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, ölkədə uğurla davam etdirilən dövlət siyasəti, bələdiyyə orqanlarının ictimai-siyasi həyatımıza daha yaxından inteqrasiyasına səbəb olub, vətəndaşların yerli özünüidarəetmədə fəallığı artıb. Hesabat ilində Milli Məclisin Regional Məsələlər Komitəsi və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi ilə qabaqcıl təcrübənin yayılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri davam etdirilib. “Milli Assosiasiyalarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri ona hesablanıb ki, bələdiyyələrimiz müasir dövrün çağırışlarına daha yaxından inteqrasiya olunsun, ərazidə prioritet seçilən sosial məsələlərin icrasına daha böyük diqqət yetirilsin. Bu baxımdan hesabat ilində görülmüş işlərin bir hissəsi yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı olub. Milli Assosiasiyaların təşəbbüsü və tövsiyəsi əsasında hər il bələdiyyələrdə keçirilən “Yerli Demokratiya Həftə”ləri və digər həlli vacib olan tədbirlər pandemiya şəraiti səbəbindən keçirilməyib, 2023-cü ildə daha geniş və əhatəli tədbirlərin həyata keçirilməsi planlaşdırılıb”, - deyə Təmraz Tağıyev bildirib. Diqqətə çatdırılıb ki, hesabat dövründə bələdiyyələrin iqtisadi potensialının artırılması sahəsində fəaliyyətin əlaqələndirilməsi davam etdirilib, informasiya-kommunikasiya texnologiyaları (İKT) üzərindən “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” (BAMS) üzrə tədiyəçilərin uçotunun daha da təkmilləşdirilməsinə nail olunub, vergi və ödənişlərin toplanmasında müsbət dinamika yaranıb. Nəticədə ötən il ölkənin şəhər bələdiyyələrinin ümumilikdə gəlirləri artıb, sosial sifarişli layihələrin icrası daha da genişlənib. Hesabat ilində şəhər bələdiyyələri tərəfindən 20 istiqamətdə, müxtəlif sahələri əhatə edən layihələr icra olunub. Ötən dövrdə Milli Assosiasiya yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları, xarici ölkələrin bələdiyyələri və assosiasiyaları ilə əməkdaşlıq əlaqələrini davam etdirib, 35 xarici ölkə bələdiyyələri ilə qardaşlaşma üçün niyyət protokolları imzalanıb. Sonra Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev çıxış edib. Çıxışlarda dövlətimizin başçısı İlham Əliyev tərəfindən ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr və bələdiyyələrin bununla bağlı artan rolu yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb. Azərbaycan bələdiyyə sisteminin effektivliyinin və bələdiyyələrin fəallığının artırılmasının vacibliyi vurğulanıb, müvafiq tövsiyələr verilib. Ümumi yığıncağın sonunda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul olunub, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev yenidən Assosiasiyanın sədri seçilib. Yığıncağın işində Azərbaycan Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının sədrləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.

 

 Mətbuat xidməti

Keçidlər