Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır.
14 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Türkmənistanda rəsmi səfərdə olublar. Bu il artıq ikinci dəfə Türkmənistanda rəsmi səfərdə olan cənab Prezident İlham Əliyev Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovla görüşmüşdür. Zirvə görüşündən öncə Dövlət başçımızin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub. Daha sonra Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin məhdud, sonra isə geniş tərkibdə görüşü keçirilib. Üçtərəfli Zirvə Görüşündə çıxışı zamanı Ölkə Prezidenti cənab İlham Əliyev bir-çox mühüm məsələlrə toxunmuşdur. Qeyd olunmuşdur ki, ölkələrimiz arasında etibarlı əməkdaşlığın obyektiv əsasları vardır. Azərbaycan, Türkiyə və Türkmənistanı bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər bağlayır. Tarixi bağlar üzərində qurulmuş münasibətlər, ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Qardaş Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. Bundan bir neçə il əvvəl 2017-ci il avqustun 8-də Bakıda “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri, məhz, türkmənlər hesab olunur. Ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri ilə yanaşı, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq münasibətləri də birləşdirir. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Məlumdur ki, hazırda nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Ölkələrimiz tərəfindən bu istiqamətdə bir çox layihələr icra edilmişdir. Təbii ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Bu sahədə bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün əsaslı təməl yaradır və eləcə də, hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr bu istiqamətdə əsaslı rol oynamışdır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Şərq-Qərb və Şimal-Cənub marşurutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımalar, o cümlədən Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi hər il artır. Hazırda Xəzər dənizi hövzəsində Azərbaycan limanlarına daxil olan və Türkmənistan bayrağı altında üzən 10-a yaxın gəmi fəaliyyət göstərir. Cənubi Qafqazın logistik imkanlarını genişləndirmək üçün 27 sentyabrda başlanmış və Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra yaranan yeni reallıqlar regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı. Cənab prezidentin qeyd etdiyi kimi, regionda nəqliyyat arteriyalarının daha da şaxələnməsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə təmin olunacaqdır. Təbii ki, Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin vacib elementinə çevriləndən sonra Azərbaycan ərazisindən beynəlxalq yükdaşımaların həcmi daha da artacaqdır. Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması isə Avropa və Asiyanın daha sıx birləşməsini təmin edəcəkdir. Prezident cənab İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı onu da bildirdi ki, dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaqdır. Səfər çərçivəsində Azərbaycan, Türkiyə və Türkmənistan arasında “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”, “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”, “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”, “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” sənədləri imzalanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində imzalanmış energetika, nəqliyyat, gömrük, ticari-iqtisadi səhələrdə əməkdaşlığa dair sənədlər qeyd olunan sferalarda uğurlu layihələrin reallaşdırılmasına öz töhfəsini verəcəkdir.
Aynur Gülüşova
Şirvan Gənclər Evinin dərnək rəhbəri