Azərbaycan və Latviya prezidentlərinin məhdud tərkibdə görüşü olub
Martın 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Egils Levits ilə məhdud tərkibdə görüşü olub. Azərbaycan və Latviyanın dövlət başçıları söhbət zamanı bu il Davosda keçirilmiş görüşü məmnunluqla xatırladılar, həmin görüşdə aparılmış müzakirələrin ölkələrimiz arasında münasibətlərin inkişafında rolunu qeyd etdilər. Prezident İlham Əliyev Latviyaya səfərini xatırladı. Görüşdə Azərbaycan-Latviya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edildi, Latviyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirildi. Həmçinin Latviyanın ölkəmizdəki səfirliyinin NATO-nun Azərbaycanla münasibətlərdə əlaqələndirici rolunda çıxış etdiyi vurğulandı. Latviya Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə toxunaraq Hərəkatın Bakıda keçirilmiş son zirvə toplantısını qeyd etdi. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi barədə məlumat verən dövlətimizin başçısı bu ilin sonunda başa çatacaq Azərbaycanın sədrliyinin çox yaxşı irs qoyduğunu bildirdi. Azərbaycan Prezidenti sədrlik dövründə Hərəkatın təsisatlanması istiqamətində aparılan işləri qeyd etdi, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Hərəkatla Avropa İttifaqı arasında münasibətlərin yaradıldığını dedi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2020-ci ildə COVID-19-la bağlı keçirilmiş onlayn sessiyasında Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrelin iştirakını bunun bariz təzahürü kimi qiymətləndirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verdi. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səyləri ilə aparılan danışıqlar prosesini və Brüssel sülh gündəliyini dəstəklədiyini dedi. Egils Levits dövlətlərin ərazi bütövlüyünün və beynəlxalq hüququn ölkəsinin xarici siyasətinin təməl prinsipi olduğunu deyərək, bu xüsusda Latviyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı. Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol barədə danışıldı, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edildi. Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, hökumətlərarası komissiyanın fəaliyyəti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində Latviya şirkətlərinin iştirakı, bərpaolunan enerji, turizm, İKT, süni intellekt və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.