Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının qürur mənbəyi

12 dekabr 2022 | 08:48
Azərbaycan Respublikasının hazırki inkişafı və tərəqqisinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, gələcək inkişaf üçün əsas təməl yaradılmışdır. Heydər Əliyevin uzaqgörənliklə vaxtında həyata keçirdiyi islahatlar olmasaydı , Azərbaycanın hazırki inkişafı xəyal olaraq qalardı.
Ulu öndər bütün həyatı boyu vətənimizin gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə, ölkəmizin hərtərəfli inkişafına bütün varlığı ilə inanaraq, bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.
Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublikamıza rəhbərlik etməsi ilə başlayan bu strateji konsepsiya Azərbaycanın iqtisadi inkişafının əsaslarını yaratdı, zəngin iqtisadi potensialı ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldi.
1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sənaye sahələri yaradıldı.
Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan həmin illərdə neft məhsulları, neft avadanlıqları, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, xalça və digər istehsal sahələri üzrə Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu.
Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi birinci dönəmdə əhalinin elektrik enerjisi ilə təminat səviyyəsini artırdı. Bu sahədə mövcud problemlər aradan qaldırıldı. Elektrik stansiyalarının sayı və gücü artırıldı. Həmin dövrdə Azərbaycanın hər kəndinə, hər evə elektrik xətti çəkildi. 1969-cu ildə Azərbaycan elektrik enerjisi alan ölkə olduğu halda 1982-ci ildə elektrik enerjisi satan ölkəyə çevrildi.
Heydər Əliyevin rəhbərliyi ilə o dövrdə ölkəmizdə tikinti-quraşdırma işləri geniş vüsət aldı. Paytaxt Bakıda və rayonlarda yeni yaşayış binaları, xidmət sahələri, iri istehsal kompleksləri, su anbarları, yaşıllıq və istirahət zonaları yaradıldı. Respublikamızda elmin, təhsilin, səhiyyə və mədəniyyətin, idmanın inkişafına xüsusi diqqət göstərildi. İnsan potensialınn inkişafına xüsusi önəm verildi.
Heydər Əliyevin Azərbaycanda uğurlu fəaliyyəti nəzərə alınaraq 1982-ci ilin sonunda o Sovet İttifaqının ən ali qurumu olan Siyasi Büroya üzv seçilmiş və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Onun kurasiyasında çox ciddi diqqət tələb edən sahələr var idi. Heydər Əliyev çox böyük məsuliyyətlə həmin sahələrin inkişafı ilə yanaşı Azərbaycana daim diqqət yetirir, öz köməyini əsirgəmirdi. Milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq, yüksək siyasi iradə nümayiş etdirirdi.
Təsadüfi deyil ki, Heydər Əliyev istefaya gedəndən iki həftə keçməmiş erməni müllətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar. Əfsuslar olsun ki, o vaxtkı sovet rəhbərliyi də ermənilərlə həmfikir idi. O vaxt Sovet dövləti hələ güclü idi və mərkəzləşdirilmiş idarəetmə sistemi var idi. Lakin buna baxmayaraq Azərbaycan xalqı öz haqq səsini qaldırdı. Xalqın etiraz səsini boğmaq üçün Mixail Qorbaçov başda olmaqla sovet rəhərliyi 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və ətraf rayonlara ordu birləşmələri yeridərək dinc sakinlərə qarşı analoqu olmayan kütləvi qırğınlaar törətdilər.
1990-cı ilin yanvar ayının 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz etiraz səsini bütün dünyaya çatdırdı. Bu cinayəti törədən Sovet dövlətinin rəhbərini ittiham etdi.
Heydər Əliyev Naxçıvan Muxtar respublikasının, Azərbaycan parlamentinin deputatı, sonra isə Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçildi.
Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda mühüm rol oynadı. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan xalqı Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvanda rəsmi dövlət bayrağı kimi qaldırıldı. Azərbaycan Ali Soveti qarşısında üçrəngli bayrağın dövlət bayrağı kimi təsdiq edilməsi barədə vəsadət qaldırıldı. Naxçıvanda Sovet ittifaqının saxlanılmasına dair referendumun keçirilməsinin qarşısı alındı. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi və Naxçıvan Muxtar Respublikası adı təsdiq edildi.
1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də ulu öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət etdi. Azərbaycan Respublikasının Prezidenti seçdi.
1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi” nin imzalanması yüksək siyasi iradənin və qətiyyətin təntənəsinə çevrildi.
Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün 1996-cı ildə Bakı -Novorossiysk, 1999-cu ildə Bakı- Supsa ixrac neft kəmərləri istismara verildi. Baki-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması Heydər Əliyevin neft strategiyasının ən böyük uğurlarından biridir. O vaxt Azərbaycan qazının Avropa bazarına ixracının təmin olunması üçün ulu öndərin təşəbbüsü ilə Cənubi Qafqaz Boru Kəmərinin inşasına start verildi.
1995-ci ildən etibarən ölkədə ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması oıdu.
Ulu öndərin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyevin çevik, qətiyyətli, uzaqgörən iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmişdir. Dövlət başçısının rəhbərliyi ilə dünyada mövqeyi möhkəmlənən, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz daha böyük uğurlara inamla irəliləyir.
Çox əlamətdar haldır ki, xalqımızın ümummilli liderinin misilsiz irsi bu gün onun adını daşıyan fond tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev Fondu və onun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva Azərbaycanda milyonlarla insan tərəfindən mərhəmət qapısı, etimad ünvanı kimi qəbul olunur.
Bəli,siyasi və iqtisadi baxımdan sabit, davamlı və dayanıqlı inkişaf edən Azərbaycanın bu günkü nailiyyətləri Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsidir. Bu inkişaf kursu Azərbaycanı daha böyük zəfərlərə, möhtəşəm qələbələrə aparır.
 
Fəxrəddin Rəhimov
Şirvan şəhər Ağsaqqallar Şurasının sədri
Keçidlər