Azərbaycan xalqının Ümummilli Iideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Şirvan Şəhər Polis Şöbəsində tədbir keçirilib.
08 may 2023-cü il tarixində Şirvan Şəhər Polis Şöbəsində Ümummilli Iideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Şirvan Peşə Liseyinin direktoru Elnur Novruzov iştirak edib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində, ümumən dövlətçilik tarixində müstəsna xidmətləri barədə danışaraq, hüquq mühafizə orqanlarının formalaşmasında və inkişafında Ümummilli liderin rolunu, diqqət və qayğısını vurğulayıb. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tükənməz ibrət məktəbi olduğunu bildirib. Qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan Ulu öndərin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. Tədbirdə Ulu öndər Heydər Əliyevin həyatı və dövlətçilik tariximizdə misilsiz xidmətlərinə həsr olunmuş videoçarx nümayiş olunub.