Azərbaycan xalqının Ümummilli Iideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Şirvan şəhərində tədbir keçirilib
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Şirvan şəhər təşkilatı dekabr ayının 14-də tədbir keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub. Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirələri ehtiramla anılıb.
Daha sonra tədbir iştirakçıları Şirvan şəhər məktəblərinin şagird kollektivinin rəsm və əl işləri ilə bağlı hazırladığı sərgi ilə tanış olublar.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov hər zaman azərbaycanlı olması ilə fəxr edən, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünyaşöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi barədə məlumat verib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb.
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Məhz bu dahi şəxsiyyət ölkəmizdə qüdrətli ordu yaratdı, iqtisadiyyatı dirçəltdi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Heydər Əliyev dönəmi Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Bu gün ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uzaqgörən və titanik fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında, o cümlədən Türk dünyasında və bölgədə qüdrətli dövlətə, söz və nüfuz sahibinə, etibarlı tərəfdaşa çevirib. Xalqımız Silahlı Qüvvələrimizin Qalib Ali Baş Komandanı cənab İlham Əliyevə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası və Qarabağda aparılan möhtəşəm bərpa və quruculuq işləridir.
Milli Məclisin deputatı Aydın Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yeri və rolundan bəhs edib. Qeyd edib ki, Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Məhz onun uzaqgörənliyi, strateji düşünmə bacarığına əsaslanan idarəçilik modeli qısa zaman kəsiyində ölkəmizin dayanıqlı və davamlı inkişafı üçün zəmin yaradıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin davamlı inkişaf etdiyi, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın yeni uğurlar əldə etdiyi xüsusi vurğulanıb.
YAP veteranlar şurasının sədr müavini, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Heydər Əliyev erası Azərbaycanda müstəqillik, quruculuq, inkişaf, sabitlik, tərəqqi dövrüdür. Müasir mərhələdə Azərbaycanın inkişafı da məhz Ulu Öndər tərəfindən təməli qoyulmuş iqtisadi, siyasi, mədəni, intellektual əsaslarla bağlıdır.
Şəhid atası Alim Zülfüqarov, Vətən müharibəsi veteranı Ümüd Quliyev və şəhər 20 saylı tam orta məktəbin müəllimi Fidan Baloğlanova çıxışlarında vurğulayıblar ki, Heydər Əliyev tarixi şəxsiyyətlər sırasında öz layiqli yerini tutub, xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Qeyd olunub ki, bu gün xalqımız Ümummilli Liderin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib.
Sonda şəhərin ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.