Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın artan gücü və qərarlılığına dair daha aydın təsəvvür yaradan müsahibə.

13 yanvar 2023 | 10:51

Tarixi Zəfərimizdən sonra beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan rolu göz önündədir. Respublikamız etibarlı tərəfdaş kimi öz mövqeyini xeyli möhkəmləndirmişdir. Azərbaycanın bu uğurlarının əsasında ədaləti və beynəlxalq hüququ müdafiə etməsi, bütün münaqişəli məsələlərin məhz bu prinsiplər əsasında həll olunmasına çağırışları dayanır. Dövlətimizin siyasəti əməkdaşlıq əlaqələrinin qurulmasına və yeni prioritetlər üzrə inkişaf etdirilməsinə xidmət edir. Azərbaycanın dünyada sabitlik, əmin-amanlıq, təhlükəsizlik məkanı kimi tanınması və nüfuz qazanması qazanması reallığı inkaredilməzdir. Bu kimi amillər ölkəmizin iqtisadi, siyasi, diplomatik mərkəzə çevrilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi də özündə böyük ruh yüksəkliyini, gələcəyə baxışı, biri-birindən mühüm əhəmiyyət kəsb edən çağırışları əks etdirir. Dövlət başçısı keçən il iqtisadi inkişafın ən yüksək həddə çatdığını deyib: “Keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə, 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Əlbəttə ki, həm də xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Yəni, iqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu nə deməkdir və eyni zamanda, bizim xarici borcumuz azalıb. Həm mütləq rəqəmlərlə - 7 milyard dollardan aşağıdır, həm də ümumi daxili məhsula nisbətdə təbii ki, kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir. Bu nədir? Bu odur ki, biz iqtisadi cəhətdən müstəqilik, əgər biz indi istəsək, yenə də beynəlxalq maliyyə qurumları ilə kreditlərin cəlb edilməsi üzrə işlərə başlaya bilərik, əslində başlamışıq. Çünki həm Dünya Bankı ilə, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr demək olar ki, başa çatır. Dünyanın hər iki aparıcı maliyyə qurumunun yüksəkvəzifəli nümayəndələri keçən il Bakıda olmuşlar və aparılan müzakirələr zamanı yeni istiqamətlər müəyyən edilib. Yəni, mən tam əminliklə deyə bilərəm ki, biz limitsiz xarici kreditlərin cəlb edilməsində heç bir problem görməyəcəyik. Amma hələ ki, buna böyük ehtiyac yoxdur. Ona görə iqtisadi və sosial sahə həmişə paralel getməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir”. Cənab İlham Əliyev müsahibəsində bildirdi ki, 2022-ci ilin 11 ayın yekunlarının nəticələrinin uğurların gözlənilən idi: “İqtisadi artım 5 faizdən çoxdur. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb”. Prezident İlham Əliyev, həmçinin sənaye istehsalında da uğurların olduğunun söylədi: “Sənaye istehsalına gəldikdə, həm ümumi sənaye istehsalımız 5 faizdən çox artıb, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb”. Dövlət başçısı valyuta ehtiyatlarımızın da artdığını deyərək vurğuladı ki, keçən il xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Buna baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb. Müsahibə zamanı ölkə başçısı sosial rifah sahəsində atılan praktiki addımlardan danışarkən qeyd edib ki, “Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb”. Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırılaraq 280 manata çatıb. Bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaqdır. Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir. Həmçinin bu il Azərbaycanda orta aylıq əmək haqqı 900 manatdan çox olacaqdır. “Sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk”, - deyə dövlətimizin başçısı bildirib. Ölkə Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir daha erməni rəhbərliyinə və onun havadarlarına növbəti bir çox önəmli mesaj ünvanlayaraq vəziyyəti düzgün təhlil etmələrini bildirdi. Ölkə lideri verdiyi mesajlarla post-müharibə dövründə Azərbaycanın hədəf və məqsədlərini ortaya qoydu, xarici siyasətin, Ermənistanla münasibətlərin gələcəyini müəyyənləşdirən konturlarını cızdı. Azərbaycan Prezidenti müsahibəsində Ermənistanın Zəngəzur dəhlizi, eləcə də sülh müqaviləsi ilə bağlı tərəddüdlər içərisində olduğu bir dönəmdə bu açıqlamaları verməklə, əslində, bölgədə kimin lider, kimin məğlub ölkə olduğunu bir daha diqqətə çatdırdı. Verilən mesajlar həm də Ermənistana real addımlar atması ilə bağlı zamanın daraldığının mesajı idi. Azərbaycan Prezidenti həm də Ermənistanın Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində təbii sərvətlərimizi qanunsuz istismar etməsinin, ekoloji terror törətməsinin yolverilməz olduğunu diqqətə çatdırdı. Ermənistanın vaxtaşırı olaraq hərbi təxribatlar törətdiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, bütün təxribatların qarşısı qalib Azərbaycan Ordusu tərəfindən alınacaq və Ermənistanın bu siyasəti onun özü üçün çox ağır nəticələr verəcək. Bəli, Ermənistanın bu siyasəti onun özü üçün çox ağır nəticələr verəcək. Prezident İlham Əliyev müsahibəsində Ermənistana və onun havadarlarına növbəti mesajını verərək bildirdi ki, Ermənistan nəhayət anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır: “Son bir il ərzində - mart ayından bəri biz üç dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Bu, birincisi. İkincisi, həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir. Hesab edirəm ki, artıq üç dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq”. Ermənilər üçün Azərbaycan Prezidentinin sərt xəbərdarlığı ciddi siqnal olmalıdır və bu xəbərdarlığa məhəl qoymayacaqları halda, artıq aqibətlərinin acınacaqlı olacağını anlamalıdırlar. Laçın-Xankəndi yolundakı ekoaksiya barədə fikirlərini açıqlayan cənab İlham Əliyevin bu mövzuda söylədikləri həm siyasi-ictimai əhəmiyyəti, həm də səmimiliyi və göstərdiyi təsir baxımından çox mühümdür. Oradakı aktivist gənclərimizlə bağlı söylədikləri ilə dövlət başçısı həm onların fəaliyyətini yüksək qiymətləndirmiş, həm də daha artıq ruhlandırmış oldu: “İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər”. Bu müsahibə zamanı Ermənistana və onun havadarlarına verilən mesajlar, xalqın rifahı naminə atılan addımlar, görülən sosialyönümlü tədbirlər, gerçəkləşdirilən və ya planlaşdırılan irimiqyaslı iqtisadi layihələr, eyni zamanda, hərbi sahədəki davamlı islahatlar, ordunun ardıcıl gücləndirilməsi haqqında dedikləri ilə dövlət başçısı yerli və beynəlxalq ictimaiyyətdə Azərbaycanın artan gücü və qərarlılığına dair daha aydın təsəvvür yaratdığı üçün çox mühüm əhəmiyyətə malikdir. Müsahibə Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir. 

 

Gülay Qanbayzadə

Şirvan-Salyan Regional Təhsil İdarəsi, Şirvan təhsil sektorunun aparıcı məsləhətçisi

Keçidlər