Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir.
Beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan əsrlər boyu torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizələr aparmışdır. Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmiş, cəmi 23 ay yaşamışdır. 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi mövcudluğunu yenidən dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi. Azərbaycan bütün sahələrdə misli görünməmiş inkişafa, tərəqqiyə nail olsa da, əldə edilən uğurlar asanlıqla başa gəlmədi. Müstəqilliyimizin ilk illərində xalqımız, sözün həqiqi mənasında, ağır, məşəqqətli günlər yaşadı. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə başlayan münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırdı və elan edilmədən başlayan müharibəyə səbəb oldu. Dağlıq Qarabağ, həmçinin sərhədyanı rayonlar ermənilər tərəfindən işğal olundu. Azərbaycan bir tərəfdən müstəqilliyimizin başı üstünü almış real təhlükəni sovuşdurmaq, digər tərəfdən torpaqlarımızı müdafiə etmək, ölkəmizin ərazi bütövlüyünü qorumaq, işğal olunmuş torpaqlarımızı azad etmək kimi tarixi bir sınaqla üzləşmişdi. Dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda respublikamızın o zamankı rəhbərləri belə vacib taleyüklü vəzifələrin öhdəsindən gələ bilmirdi. Belə bir şəraitdə xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi tələb etdi. Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Azərbaycan daxilində yaranan nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlandı ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. İdarəçilik fəlsəfəsi fərqli və özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olub. Milli özünəqayıdış və özünüdərkin məhz bu dövrdə başlanğıcını qoyan, azərbaycançılıq məfkurəsinin keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını tamamilə müasirləşdirib. Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin nadir idarəçilik keyfiyyətləri, xarizmatik liderlik cəhətləri, böyük vətənpərvərliyi ötən əsrin 70-ci illərindən etibarən milli ideyanın yüksəlişinin təmin edilməsində misilsiz rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin idarəçiliyinin ən mühüm xüsusiyyəti Azərbaycanın bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyması, sözün əsl mənasında, öz intibah dövrünü yaşaması olub. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən Ulu Öndər ölkənin istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, sənaye potensialının gücləndirilməsi, təhsil sahəsində yeni inkişaf mərhələsinin əsasının qoyulması, xalqın gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması kimi möhtəşəm nailiyyətlərə imza atıb. Ulu Öndər həmin dövrdə azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səylə çalışır, respublikamız üçün ayrılmış müsabiqədənkənar yerlərin sayının artırılmasını Moskvadan israrla tələb edir, əksər hallarda buna nail olurdu. 1970-ci ildə respublikadan kənara oxumağa göndərilən belə tələbələrin sayı əgər 60 nəfər idisə, 1975-ci ildə onların sayı 600 nəfərə, 1978-ci ildə 800-900 nəfərə çatmışdı. Beləliklə, SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə göndərilənlərin sayı o zaman təxminən Azərbaycan Dövlət Universitetinə bir il ərzində qəbul olunanların sayına bərabər idi. Ümummilli Lider Heydər Əliyev çox sonralar – 1997-ci ildə keçmiş SSRİ-nin müxtəlif universitetlərində ali təhsil almış məzunlarla görüşündə bununla bağlı xatırlamışdı: "Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən, sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaq. Vaxt gələcək ki, nəhayət, Azərbaycan müstəqil olacaq və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər". Həmin illərdə Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılıb. Ulu Öndər Heydər Əliyev bu məsələdə daim qətiyyətli mövqe tutub, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış edib, prinsipiallıq göstərib. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gerçəkliyinə çevrilib. Ulu Öndərin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var.
Fəridə Cəfərova
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı