Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın növbəti diplomatik qələbəsi

10 oktyabr 2022 | 18:23

"Avropa siyasi birliyi " qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. 6 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşləri, bu zaman əldə edilən razılaşmalar ictimaiyyət tərəfindən geniş müzakirə edilir. Ağır keçən müzakirələrin yekunu olaraq Ermənistanla yanaşı, Avropa liderləri də Azərbaycanın Qarabağ daxil ərazi bütövlüyünü tanıyır və sülh danışıqları Prezident İlham Əliyevin təklif etdiyi 5 pirinsip əsasında aparılacaqdır. Sənəddə diqqətçəkən məqamlardan biri Ermənistanın Azərbaycanla sərhəddə Avropa ittifaqının missiyasının fəaliyyətə başlamasına razılıq verməsidir. "Avropa siyasi birliyi" zirvə toplantısı Azərbaycanın diplomatik qələbəsi, sülh istiqamətində atılmış növbəti addım kimi qiymətləndirilir. Praqa görüşləri bir daha göstərdi ki, mövcud şəraitdə Azərbaycan Avropa ittifaqının enerji təhlükəsizliyi üçün əvəzolunmaz müttəfiqidir. Prezident İlham Əliyev etibarlı, sözü ilə əməli üst- üstə düşən və müstəqil siyasət aparan liderdir.

Fransanın tərəf kimi Azərbaycanın təklif etdiyi sülh prinsiplərini qəbul edib həyata keçirilməsi üçün aparılan danışıqlarda iştirak etməsi bu istiqamətdə çox böyük irəlləyişdir. Bu, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin uğurlu nəticəsidir. Dünya gücləri artıq Azərbaycanın əldə etdiyi tarixi Qələbənin yaratdığı reallıqları qəbul edir və fəaliyyətlərini bu istiqamətdə qurmaq istəklərini nümayiş etdirirlər. Praqada görüşün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilib. Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Praqada təşkil olunmuş görüşdə ölkələrimizin milli maraqları təmin olundu. Azərbaycan növbəti dəfə 44 günlük Vətən müharibəsində döyüş meydanında əldə edilən qələbəni diplomatik müstəvidə də davam etdirdi. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etdi və bu birgə bəyanatda öz əksini tapdı. Praqa sammitində yekun bəyanatın qəbul edilməsi birmənalı şəkildə Azərbaycan diplomatiyasının uğurudur. Bu ugur onda ifadə olunur ki, qəbul edilmiş bəyanatda Azərbaycan və Ermənistan bir - birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü.

Praqada sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırılıb. Bu da Azərbaycanın maraqlarına cavab verir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra rəsmi Bakı sərhədlərin delimitasiyası məsələsi üzərində xüsusi dayanırdı. Azərbaycan münasibətlərin normallaşması üçün Ermənistana təklif etdiyi beş maddəlik prinsip arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi də vardı. İndi isə İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsinə razılıq verib. Məsələnin Avropa İttifaqı kimi nüfuzlu qurumun himayəsi altında razılaşdırılması ilə yaxın zamanlarda bu sahədə irəliləyişin əldə olunacağını gözləmək olar.

 

Əminə Əliyeva

Şirvan şəhər 2 nömrəli tam orta məktəbin direktoru

Keçidlər