Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın prinsipial və ədalətli mövqeyi.

21 avqust 2023 | 09:23

BMT-nin Təhlükəsizlik Şurasının 16 avqust tarixində növbədənkənar iclası ölkəmiz üçün növbəti mütləq diplomatik zəfərdir. BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında aparılan müzakirələr yalnız ədalətin təcəssümü deyildi. Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Azərbaycan diplomatiyasının doğru siyasətinin nəticəsi idi. Baxmayaraq ki, Azərbaycan 90-cı illərin əvvəllərində də haqlı idi və həmin elə bu BMT-nin Təhlükəsizlik Şurası heç vaxt icra etmədiyi, heç icra etmək üçün cəhd göstərmədiyi 4 Qətnamə qəbul etmişdir. Azərbaycan 30 ildir ki, haqlıdır, Azərbaycan 30 ildir ki, ədalətlidir. Bu zəfərin, bu növbəti diplomatik qələbənin də memarı Azərbaycanın Prezidentidir. Bu qəbildən olan diplomatik qələbələrdə heç vaxt bir şəxs, bir amil əsas rol oynamır. Belə qələbələr dövlətin, xalqın və cəmiyyətin ortaq əməyinin nəticəsi kimi meydana çıxmaqdadır. Azərbaycanın istər Qoşulmama Hərəkatında fəaliyyəti, istər etibarlı enerji təminatçısı kimi dünyada mövqeyi və əlbəttə dəmir iradəsi nəticəsində belə bir zəfər reallaşdı. Azərbaycan heç vaxt boş vədlər vermədiyini bir daha nümayiş etdirdi. Ağdam-Xankəndi yolunun alternativ yol kimi açıq olduğu və təmirdən sonra daha qısa, daha təhlükəsiz və daha istifadəyə yararlı bir yol olduğu sübuta yetirildi. Bununla da növbəti dəfə Azərbaycanın suveren ərazilərinin beynəlxalq arenaların müzakirə obyekti olmadığı dünyaya çatdırıldı. BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında əldə olunan növbəti qələbə həm də dünyanın heç də 1992-ci ildə Xocalı soyqırımı vaxtı olan dünya olmadığını nümayiş etdirdi. Azərbaycan müharibəni yalnız döyüş meydanında qazanmadı, o həm də informasiya müharibəsində qələbə əldə edərək reallıqları dünya ilə paylaşdı. Həqiqəti qəbul edənlər Azərbaycanla dost oldular. Azərbaycan cəmiyyəti, xüsusi ilə fəal gənclər öz sosial şəbəkə platformalarını yaradaraq, orada birləşərək dünyanı Azərbaycan həqiqətlərinə inandıra bildilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dörd dildə verdiyi müsahibələr isə Azərbaycan cəmiyyətinə mübarizənin yeni yolunu, istiqamətini göstərdi. BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Ermənistan diplomatiyasının tam iflasıdır. Ermənistanın, erməni diasporunun, ermənipərəst dairələrin səyləri növbəti dəfə nəticəsiz qaldı. Bu günə qədər ermənipərəst siyasəti ilə diqqətdə olan, ölkəmizin əleyhinə təbliğat aparan bəzi dünya güclərinin də bu gün Qarabağın Azərbaycana məxsus olduğunu söyləmələri Azərbaycanın real faktlara, tarixi həqiqətlərə söykənərək imza atdığı tarixi Zəfərinin təqdimatıdır. Azərbaycan Qarabağın ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha işğalçı Ermənistana və onun havadarlarına sübut etdi. Ermənilərin feyk xəbərləri tarixi Zəfərimizlə fiaskoya uğradı. Lakin postmünaqişə dövründə Ermənistanın və onu dəstəkləyənlərin etdikləri cəhdlərin kökündə sülh müqaviləsinin imzalanması prosesini uzatmaq, müxtəlif bəhanələrlə bu vacib addımı atmaqdan yayınmaq durur. BMT Təhlükəsizlik Şurasına edilən müraciət və qurumun bu məsələ ətrafında apardığı müzakirələr də bu siyasətin tərkib hissəsidir. Müzakirələr Azərbaycanın diplomatik qələbəsi ilə sona çatsa da bu mühüm məqamı qeyd etməliyik ki, dünyada sülhün və təhlükəsizliyin təminatında əhəmiyyətli rola malik olan bir qurum sözsüz ki, belə müzakirələrdən əvvəl araşdırmalara, gündəmə gətirilən məsələnin nə dərəcədə reallığı özündə əks etdirməsinə xüsusi diqqət yetirməlidir. Hadisələrin gedişi bir daha sübut edir ki, Ermənistan məsələni həll etmək niyyətində deyil. Bunun əvəzində beynəlxalq səviyyədə manipulyasiya və çaşqınlıq səylərini davam etdirmək məqsədilə regionda gərginliyi süni şəkildə alovlandırmağa çalışır. Müzakirələrdə bir daha bu reallıq diqqətə çatdırıldı ki, “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etdikdən sonra da bu, olduğu kimi qalır. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində yaradılıb. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. Hər bir halda BMT-nin bu müzakirələri bir daha Azərbaycanın siyasi və diplomatik qələbəsini təmin etdi. Eyni zamanda, anti-Azərbaycan siyasəti yürüdən ermənipərəst mövqeyi ilə seçilən dövlət və təşkilatların uğursuzluğa düçar olduqlarını bir daha sübut etdi.

 

Samit Həsənov

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin, Gənclərlə iş sektorunun müdiri

 

Keçidlər