Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır.

13 fevral 2023 | 09:02

Azərbaycan üçün dost və qardaş ölkə olan Türkiyədə 6 fevral tarixində ən faciəli hadisələrdən biri – dəhşətli zəlzələ hadisəsi baş verdi. Gecə saattlarında mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələlər nəticəsində minlərlə insan həyatını itirdi, on minlərlə insan yaralandı və dağıntılar altında qaldı. Türkiyənin cənub-şərqində baş verən zəlzələ 12 ballıq şkala ilə 7,7 bal gücündə olub. Bu zəlzələ nəticəsində Türkiyənin 10 şəhəri, əsasən, Kahramanmaraş, Elazığ, Şanlı Urfa, Adana, Hatay, Diyarbəkir, İsgəndərun və s. şəhərlərində neçə yaşayış binaları dağıntıya məruz qalıb hələ də dağıntılar arasından cansız bədənlərin və yaxud da sağ qalanların çıxarılması davam etdirilir. Bu təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün bir çox ölkələr Türkiyəyə həm humanitar həm də dağıntılar altında qalan insanların çıxarılması üçün hər cür dəstək göstərilir. Bu dəhşətli hadisəyə ilk səs verən qardaş Azərbaycan oldu. Azərbaycan və Türkiyə "Bir millət-iki dövlət" olaraq həm sevincli, həm də kədərli günlərdə bir birinin yanındadır. İki qardaş xalq və dövlət olaraq hər zaman bir yerdəyik. Bir neçə gün öncə Türkiyənin cənub bölgəsində baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın qardaş dəstəyi də bu reallığı təsdiqləyir. Prezident İlham Əliyev zəlzələnin baş verdiyi gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırıb, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib. Bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də isə Türkiyənin ölkəmizdəki səfirliyində olub, qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Dövlətimizin başçısı Azərbaycanın hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında olduğunu vurğulayıb: “Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”. Dövlət başçısının dediyi kimi, Azərbaycan sona qədər öz dəstəyini göstərəcək. Ölkəmizdən davamlı olaraq zəlzələ zonasına həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcək. Dövlətimizin başçısının tapşırığına əsasən xilasedicilərdən ibarət ilk qrup elə həmin gün zəlzələ bölkəzsinə yola düşüb. Eləcə də zərərçəkənlər üçün zəruri ləvazimatlar göndərilib. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə fevralın 9-da Qaziantepə uçub. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Eləcə də, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Azərbaycan qardaş Türkiyənin yanında olduğunu hər zaman olduğu kimi, zəlzələnin ilk saatlarından əməli fəaliyyəti ilə təsdiqləyib, öz dəstəyini, öz həmrəyliyini nümayiş etdirib. Bu acı faciənin fəsadlarının tezliklə aradan qaldırılmasını özünün şərəf işi, qardaşlıq borcu adlandırıb. Azərbaycan dövləti, Heydər Əliyev Fondu fasiləsiz olaraq qardaş ölkəyə yardımlar göndərir. Xilasedicilərimiz dağıntılar altında fədakarcasına çalışır. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər Türkiyəyə göndərilir. Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər. Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub. Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər. Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilir. Həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Zəlzələ hamımızı kədərləndirsə də bir həqiqəti ortaya qoydu ki, Türkiyə-Azərbaycan münasibətləri bütün sınaqlar və bütün dövrlər üçün dünyaya örnək olacaq səviyyədədir. Biz qardaş xalq olaraq bu çətin günlərdə hər zaman qardaşlıq borcumuzu yerinə yetirib Türkiyənin yanında olacağıq. Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır. Hər iki ölkəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bugünkü münasibətlərimiz də  böyük  öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir” və  Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Azərbaycan xalqı olaraq qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının tezliklə aradan qaldırılmasını arzu edirik. Faciə zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət, xəsarət almış insanlara şəfa diləyirik.

 

Ramil Tağıyev

Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbi PHŞ- nin direktoru

Keçidlər