“Azərsu”ASC tərəfindən Şirvanda su təchizatının və kanalizasiya sisteminin yenidənqurulması layihəsinin icrası ilə bağlı təqdimat keçirilib
07 fevral 2023 | 19:57
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Şirvan şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidənqurulması istiqamətində cari ildə görüləcək işlərlə bağlı Şirvan Şəhər İcra Hakimiyyətində 7 fevral 2023-cü il tarixdə “Azərsu”ASC-nin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, “Azərsu”ASC-nin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin birinci müavini İlham Quliyev, Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin Regional layihələr üzrə tikinti şöbəsinin rəisi İntiqam Quliyev, Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov və departamentin aparıcı mühəndisi İqbal Xəlilov, Şəhər İcra Hakimiyyətinin və Şirvan Sukanal İdarəsinin əməkdaşlarının iştirakı ilə Layihənin davamı olaraq cari ildə görüləcək işlər müzakirə olunub.
Müzakirə zamanı şəhərin Naxçıvan küçəsindən keçən 530 və 630 mm-lik 880 p/m su xəttinin yerinin dəyişdirilməsindən, Köhnə şəhər yaşayış sahəsində G.Şıxbalaoğlu küçəsində 280 mm-lik 1200 p/m su xəttinin tikintisinin başa çatdırılmasından, M.Mirzəyev küçəsində 530 mm-lik 650 p/m su xəttinin yenilənməsindən, Bağ evləri yaşayış sahəsinin digər hissəsində Naxçıvan küçəsində yeni su xəttinin çəkilməsindən, M.Ə.Rəsulzadə prospektində, 28 May və T.İsmayılov küçələrində yeni kanalizasiya şəbəkəsinin qurulmasından danışılıb. Eyni zamanda su və kanalizasiya sahəsində əhaliyə göstərilən xidmətin keyfiyyətinin daim diqqət mərkəzində olduğu qeyd edilib.
Mətbuat xidməti