Şriftin ölçüsü :

Saytın rəngi :

Başın sağ olsun, Vətən !

14 sentyabr 2022 | 18:29

Müdafiə Nazirliyinin brifinqində qeyd edildiyi kimi sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətində geniş miqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməliyyatın qarşısının dərhal alınması məqsədi ilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşmaları başlayıb. Qarşı tərəfin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var. Hərbi infrastruktura da ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə, suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonu ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Təəssüflər olsun ki, ağır və qanlı döyüşlərdə hərbi qulluqçularımız arasında şəhid və yaralananlar var. Şəhidlərimizin yaxınlarına, doğmalarına dərin hüzünlə başsağlığı verir, yaralılarımıza şəfa diləyirik. Azərbaycan əsgəri biz səninlə fəxr edirik. Bu Vətənin namusu sənə əmanətdir. Üzərində gəzdiyimiz torpağın əmin-amanlığını qoruduğun üçün sənə minnətdarıq.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

Başın sağ olsun, Vətən !

Keçidlər