Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramlı qəsəbəsində növbəti səyyar görüş keçirilib.

23 oktyabr 2025 | 14:12

Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2025-ci ilin oktyabr ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, oktyabrın 23-də şəhərin Bayramlı qəsəbəsində səyyar görüş keçirilib.

Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Səyyar görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq keçirilən səyyar görüşlərin respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edib. Dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Həmçinin regionların inkişafı üzrə dövlət proqramlarından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlardan danışıb, Şirvan şəhəri ərazisində həyata keçirilən infrastruktur layihələri, abadlıq-quruculuq işləri, küçələrin asfaltlanması və “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər barədə  ətraflı məlumat verib.

Daha sonra müraciətlər dinlənilib və araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.

Görüşdə iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından razılıqlarını bildirərək, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə möhtərəm  Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Keçidlər