Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramlı qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirilib.

22 dekabr 2022 | 17:34

Şirvan Şəhər İcra Hakimiyyətində təsdiq edilmiş qrafikə əsasən, şəhər sakinləri ilə növbəti səyyar görüş 22 dekabr 2022-ci il tarixdə Şirvan şəhəri, Bayramlı qəsəbəsində keçirilib. Qəbulda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Qəbuldan öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı qonaqlarla birlikdə  Bayramlı qəsəbə kitabxanasında Yeni il hazırlıqları ilə tanış olub, yolkanın ətrafında balacaların səsləndirdikləri Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş şeirləri dinləyib. Qəsəbə klubunda keçirilən qəbulda Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbula gələn şəhər sakinlərini salamlayaraq Pandemiya və Vətən müharibəsi ərəfəsində ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətindən,  koronavirus infeksiyasına qarşı həyata keçirilən dünyaya örnək olan mübarizə tədbirlərindən, müasir tibbi avadanlıqlarla təchiz edilmiş modul tipli xəstəxanaların yaradılmasından, əhalinin kütləvi vaksinləşməsi prosesindən danışıb. Artıq 2 ildir ki, xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı qələbəni qeyd etdiyini, təkcə ölkə vətəndaşlarının deyil, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyonluq azərbaycanlının Şanlı Zəfərlə qürur və iftixar hissi keçirdiyini bildirib. Vətən müharibəsi ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinə minlərlə gəncin müraciət etdiyini, çox böyük ruh yüksəkliyi ilə cəbhəyə yollandıqlarını, qısa müddətdə hospitala çevrilmiş Şəhər Mərkəzi Xəstəxanasında müalicə olunan yaralılara tibb personal və şəhər sakinləri tərəfindən xüsusi həssaslıqla yanaşıldığını, əsgər və zabitlərin sağalan kimi yenidən döyüşə qayıtmaq istədiklərini xatırladıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüş əzmininin və vətənpərvər ruhunun Qələbəni şərtləndirən əsas amillər olduğunu qeyd edib. Şirvan şəhərindən 22 nəfərin şəhid olduğunu, onların izdihamla dəfn olunduğunu, ailələrinin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb. 10 gündür ekoloji terrora qarşı ictimai fəaların Şuşa-Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasının mahiyyəti barədə sakinlərə ətraflı məlumat verib. Ölkə başçısının Şirvan şəhərinə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, şəhər ərazisində genişmiqyaslı abadlıq-yenidənqurma işlərinin həyata keçirildiyini, 2021-ci ildə 39 küçənin asfaltlandığını, hazırda 7 küçədə asfaltlanma işlərinin başa çatdırıldığını, 123 küçənin tam işıqlandırıldığnı, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkının ərazisinin 10,1 hektar genişləndirilərək yenidən qurulduğunu, “İDEA” İctimai birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində Şirvanda üçüncü həyətin abadlaşdırılmağa başlandığını vurğulayıb. Eyni zamanda Bayramlı qəsəbəsində yeni parkın salınaraq Novruz bayramına qədər sakinlərin istifadəsinə verilməsinin planlaşdırıldığını qeyd edib. Bayramlı qəsəbə sakinlərinin fasiləsiz içməli su ilə təminatı ilə bağlı müvafiq işlər görüldüyünü bildirib. Ötən müddət ərzində 76 beşmərtəbəli binadan 72 binanın zirzəmilərinin kanalizasiya sularından təmizləndiyini, şəhər ərazisində su-kanalizasiya şəbəkələrinin yenidən qurulması işlərinin aparıldığını vurğulayıb. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəhidlər Xiyabanında genişmiqyaslı abadlıq-bərpa işlərinin aparıldığını, Vətən müharibəsi şəhidlərinin məzarları qoyulduqdan sonra Birinci Qarabağ müharibəsi şəhidlərinin də məzarlarının qara mərmərdən yenidən quraşdırıldığını, şəhid analarının şərəfinə “Şəhid anası” memorial abidə kompleksinin və ətrafında tarixin müxtəlif dönəmlərində xalqımızın məruz qaldığı faciələri və şəhidləri xatırladan mərmər lövhələrin yaradıldığını diqqətə çatdırıb. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə şəfalar diləyib. Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

 

Mətbuat xidməti

Keçidlər