Bayramlı qəsəbəsində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar görüş keçirib.
13 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Bayramlı qəsəbəsində şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib. Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamladıqdan sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı dünyada yayılan pandemiya təhlükəsi ilə əlaqədar ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərindən, əhalinin kütləvi vaksinləşməsindən, xalqımızın bu təhlükədən də dünyaya nümunə ola biləcək səviyyədə uğurla çıxmasından danışıb. 44 günlük Vətən müharibəsinin müxtəlif məqamlarından, Müzəffər Ali Baş Komandanın müəllifi olduğu “Dəmir yumruq” əməliyyatından, rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Zəfər yürüşündən bəhs edib. Ərazi bütövlüyümüzün möhkəmləndirilməsi, ölkəmizin milli maraqlarının müdafiəsi, iqtisadi inkişafı ilə bağlı ölkə başçısının diplomatik görüşləri, beynəlxalq forumlardakı qətiyyətli çıxışları, türk xalqları ilə qardaşılıq münasibətlərinin daha da gücləndirilməsi zəminində mövqeyi barədə sakinlərə ətraflı məlumat verib. Əhalinin sosial rifah halının yüksəldilməsi sahəsində qəbul edilmiş qərarları və qarşıda duran vəzifələri diqqətə çatdırıb. Ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində səmərəli işlər görüldüyünü, Şirvan şəhərində də şəhid və qazi ailələrinin daim diqqətdə saxlanıldığını, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü, Şəhidlər Xiyabanında, Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında genişmiqyaslı abadlıq-bərpa işlərinin aparıldığını qeyd edib. Şəhər ərazisində su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfaltlanması, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, seçiçiləri ilə müntəzəm görüşdüyünü, şəhər sakinlərinin problem və qayğılarına yaxından bələd olduğunu, onların müsbət həlli üçün çalışdığını qeyd edib. Şirvan şəhərinin hüdudları daxilində yerləşən torpaqların təyinatı ilə bağlı şəhər sakinlərini narahat edən problemləri 11 oktyabr 2022-ci il tarixdə Milli Məclisin Plenar iclasında səsləndirdiyini bildirib. Problemin aidiyyəti qurumlar tərəfindən müsbət həlli üçün çalışacağını vurğulayıb. Sonra sakinlərin müraciət və problemləri dinlənilib. Görüşdə əsasən işsizlik və mənzil məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti