Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsi şəhidi Cəmil Rəhimovun 40 mərasimi keçirilib.

08 dekabr 2025 | 12:36

Dekabrın 8-də Şirvan şəhər Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəhimov Cəmil Nizami oğlunun xatirəsi ehtiramla anılıb.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına dərin hüznlə başsağlığı verərək, Allahdan rəhmət diləyib. Bildirib ki, şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman vətən naminə canını qurban vermiş Şəhid övladlarını unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq. Qeyd edib ki, möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra itkin şəhidlərin nəşlərinin tanınması və ailələrinə təhvil verilməsi istiqamətində aparılan işlər şəhidlərimizin xatirəsinə olan xüsusi diqqət və qayğının nümunəsidir.

İlqar Abbasov həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid ailəsi üzvləri və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan bəhs edib, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev,  DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, şəhid ataları Alim Zülfüqarov, Rəhim Hüseynov şəhidlərimizin qəhrəmanlıq nümunələrindən danışıblar, şəhidin döyüş yoldaşları şəhidlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb.

Qeyd edək ki, şəhid kiçik çavuş Cəmil Rəhimov 05.06.1969-ci ildə Sabirabad rayonunun Cəngən kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 04.03.1992-ci ildə cəbhə xəttinə yola düşmüş, 08.05.1992-ci ildə Şuşa uğrunda aparılan döyüş əməliyyatlarında itkin düşmüşdür.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılmış araşdırmalar zamanı 33 ildir itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Rəhimov Cəmil Nizami oğlunun nəşi Şirvan şəhərinə gətirilmiş, 30.10.2025-ci il tarixində Şirvan şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.

Allah rəhmət eləsin!

Keçidlər