Birinci Qarabağ müharibəsi şəhidi Cəmil Rəhimovun xatirəsi anılıb.
Oktyabrın 30-da Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəhimov Cəmil Nizami oğlunun anım günü ilə əlaqədar Şirvan şəhər Şəhidlər Xiyabanında tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimində əvvəlcə şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailə üzvlərinə və doğmalarına dərin hüznlə başsağlığı verərək onlara səbir diləyib. Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim uca tutulduğunu, şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Birinci Qarabağ müharibəsində xalqımızın üzləşdiyi ağır itkilər, şəhidlərimizin qəhrəmanlığı və Vətənə sədaqəti heç zaman unudulmayacaq, onların əziz xatirəsi daim ehtiramla yad ediləcək.
İlqar Abbasov, həmçinin Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətindən, Vətən müharibəsi zamanı hərbçilərimizin nümayiş etdirdiyi qəhrəmanlıq, şücaət və fədakarlıqdan söz açıb. Qeyd edib ki, Azərbaycanın tarixi Zəfərinin qazanılmasında canlarından keçən şəhidlərimizin şərəfli döyüş yolu və qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından, bu istiqamətdə həyata keçirilən sosial siyasətdən bəhs edib, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirilən təşəbbüslərə verdiyi töhfələri diqqətə çatdırıb. Bildirib ki, Şirvan şəhərində də şəhid ailələrinə və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşılır, onların müraciətlərinin və qarşılaşdıqları problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Digər çıxış edənlər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xalqımızın yaddaşında xüsusi yer tutduğunu, onların xatirəsinin yaşadılmasının hər birimizin mənəvi borcu olduğunu qeyd ediblər. Vurğulayıblar ki, şəhidlərimizin əziz xatirəsinə göstərilən ehtiram milli birliyimizin və Vətənə bağlılığımızın bariz nümunəsidir.
Daha sonra, doğum günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Hümbətov Emil Tərlan oğlunun, eləcə də Şəhidlər Xiyabanında dəfn olunan digər şəhidlərin məzarları ziyarət edilib, onların əziz xatirəsi ehtiramla yad olunaraq məzarları üzərinə gül dəstələri düzülüb.
Qeyd edək ki, şəhid kiçik çavuş Cəmil Rəhimov 5 iyun 1969-cu ildə Sabirabad rayonunun Cəngən kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 4 mart 1992-ci ildə cəbhə xəttinə yola düşüb, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmalar nəticəsində 33 il itkin düşmüş hesab olunan şəhid Rəhimov Cəmil Nizami oğlunun şəxsiyyəti müəyyən edilib. Şəhidin nəşi Şirvan şəhərinə gətirilərək 30 oktyabr 2025-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.






