Birinci Qarabağ müharibəsi şəhidi Elman Çıraqovun il mərasimi keçirilib.
Mərasimdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, Şirvan Şəhər Bələdiyyəsinin sədri İlham Səfərov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına dərin hüznlə başsağlığı verərək, Allahdan rəhmət diləyib. Bildirib ki, şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman vətən naminə canını qurban vermiş Şəhid övladlarını unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq.
Şəhid Çıraqov Elman Almaz oğlu 24.09.1971-ci ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1992-ci ildə cəbhə xəttinə yola düşmüşdür. Tərtər Könüllü Batalyonunun tərkibində aparılan döyüş əməliyyatlarında iştirak edən Elman Çıraqov 21.08.1994-cü ildə ildə Füzuli rayonu ərazisində gedən döyüş əməliyyatlarında itkin düşmüşdür. 1999-cu ildə Əli Bayramlı şəhər Xalq Məhkəməsinin qərarı ilə ona şəhidlik statusu verilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən ötən il aparılmış araşdırmalar zamanı 30 ildir itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Çıraqov Elman Almaz oğlunun nəşi Şirvan şəhərinə gətirilmiş, 05.06.2024-cü il tarixində Şirvan şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.