Bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən istifadənin təşviqi ilə əlaqədar maarifləndirici görüş keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.8.7-ci (bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin olunması) istiqamətində təşviqat işlərinin aparılması, Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üçün tədbirlər planının 7.1.5-ci (mütərəqqi texnologiyaların və aqrotexniki qaydaların kənd təsərrüfatı istehsalçıları arasında təbliği və istifadəsinin təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsi) bəndlərinin icrasının təmin edilməsi məqsədilə 28 dekabr 2022-ci il tarixdə Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbəsində maarifləndirici görüş keçirilib. Keçirilən görüşdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev, Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Asim Zeynalov, Qida Təhlükəsizliyi Agentliyinin Salyan Regional bölməsinin qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi Zaur Şəkərov iştirak edib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev çıxış edərək bitki sağlamlığının təmin olunması, standartlara cavab verən yüksək keyfiyyətli qida məhsullarının istehsalı, bitki örtüyünün qorunması və inkişafı üçün istifadə olunan bitki mühafizə vasitələri, pestisid və bioloji preparatların saxlanılması və istifadəsi ilə bağlı qaydalara əməl olunmasından və təsərrüfatlarda tətbiq olunan mütərəqqi texnologiyaların və aqrotexniki qaydalardan istifadəsinin həyata keçirilməsindən söz açıb. Tədbirdə çıxış edən aidiyyəti qurumların əməkdaşları tərəfindən bu sahədə qəbul olunmuş yeni qanunun müddəaları bərədə geniş və ətraflı məlumat verilib. Bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadə ilə bağlı maarifləndirici çıxışlar olunub. Görüş zamanı mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Mətbuat Xidməti