Bu gün “5 Dekabr - Beynəlxalq Könüllülər Günü”dür!
05 dekabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və GİKM-in Şirvan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “5 dekabr - Beynəlxalq Könüllülər Günü” münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva, Gənclərin İnkişaf Karyera Mərkəzinin Şirvan nümayəndəliyi üzrə direktoru Rəşad Qurbanov və gənc könüllülər iştirak ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov gənc könüllülərimizi salamladıqdan sonra xalqımızın Ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qatılıb Vətən torpağının hər qarışı uğrunda döyüşən şəhid və qazilərimizin timsalında bütün könüllüləri təbrik edib. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbənin gənc nəslin dövlətinə, ölkəsinə nə qədər dərin duyğularla bağlı olduğunu göstərdiyini, Azərbaycan gənclərinin artıq qalib xalqın nümayəndələri olduğunu bildirib. Könüllülük fəaliyyətinin əhəmiyyətindən söz açaraq ölkədə mötəbər tədbirlərin keçirilməsində könüllülərin aparıcı qüvvə olduqlarını vurğulayıb. Bildirib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də davam etdirilən gənclər siyasəti Azərbaycan gəncliyinin cəmiyyətin bütün sahələrində fəal iştirakını təmin etməkdədir. Bu sahədə ən təsirli vasitələrdən biri də könüllülük fəaliyyətlərinin təşkil edilməsidir. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verildi. Qeyd edib ki, gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan cənab Prezident İlham Əliyev onların iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləməsini, gənclərin dövlət təşkilatlarında önə çəkilməsini, bütün dövlət təşkilatlarına könüllülərin cəlb olunmasını tövsiyə edib. Bu tövsiyədən irəli gələrək müxtəlif dövlət qurumlarına könüllülərin cəlb olunmasına başlanılıb və bu iş uğurla davam etdirilir. Bu gün də Şirvan şəhərində gənclər arasında könüllülük fəaliyyətinin təşviqi uğurla həyata keçirilir. Belə ki, şəhərimizdə “Şirvan Şəhər İcra Hakimiyyətinin könüllüləri” “Gənc Könüllülər”, “RİİB Könüllüləri”, “Tələbə-Könüllülər” və s. qurumlarda müxtəlif könüllülər təşkilatları uğurla fəaliyyət göstərirlər. Böyük könüllülər ailəsini birləşdirən başlıca dəyərlər bilik, kamillik, vətənpərvərlik və dövlətçilikdir. İcra edilən bütün layihə və təşəbbüslərdə bu dəyərlər əsas götürülüb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə könüllülük fəaliyyətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğı, bu sahədə əldə olunan nailiyyətlər və könüllülərin ölkəmizin inkişafında əvəzsiz xidmətləri qarşıdakı dövrdə daha böyük uğurların qazanılacağını deməyə ciddi əsas yaradır.
Sonra GİKM-in Şirvan nümayəndəliyinin direktoru Rəşad Qurbanov GİKM-in fəaliyyət istiqamətləri barədə məlumat verib. Gənclərlə birgə icra olunan layihə və tədbirlər haqqında danışıb. GİKM-in fəal gəncləri Nərmin Abuşova, Gülmərcan Həsənova və Ayxan Şahbazov öz könüllü təcrübələrini iştirakçılarla paylaşıblar. Gənclər çıxışlarında könüllü fəaliyyətinin onlara qazandırdığı uğurlar və nailiyyətlər barədə məlumat veriblər.
Tədbirdə gənclərin hazırladıqları Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan nümayəndəliyinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub və istedadlı gənclərin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.
Sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov gəncləri maraqlandıran sualları cavablandırıb.
Yekunda aktiv könüllülərə xatirə hədiyyələri və təşəkkürnamələr təqdim olunub, xatirə şəkli çəkilib.
Mətbuat xidməti