Bu gün Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramıdır.
Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə hər il 28 mart - Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 104 illiyi və peşə bayramı münasibətilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşlarını, veteranlarımızı səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, təhlükəsizliyi və daha da qüdrətlənməsi naminə şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayırıq!
Mətbuat xidməti