Bu gün ölkəmizdə İlaxır çərşənbə qeyd olunur.
Ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu - Torpaq çərşənbəsini qeyd edir. Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir. İlaxır çərşənbə hər il ölkəmizdə təntənəli qeyd olunur. Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət var. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir. Torpaq çərşənbəsi Novruz bayramının ayin və mərasimləri ilə də zəngindir. Həmin gün hələ Su çərşənbəsində islağa qoyulmuş buğdadan boy atmış səməni bayram süfrəmizin ən əziz qonağına çevrilir. Hamı sonuncu çərşənbə süfrəsinə xüsusi hazırlıq görür, onun daha zəngin olmasına çalışır. Əvvəlcədən ev-eşik təmizlənir, xüsusi bayram tədarükü görülür. Yumurta boyanır, qovurğa qovurulur, plov süzülür, şirniyyat bişirilir. İlaxır çərşəbədə küsülülər barışır, hamı təzə paltar geyinməyə, qulaq falına çıxanları düşünüb xoş sözlər deməyə çalışır. İlaxır çərşənbəniz mübarək olsun!
Mətbuat xidməti