Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Su çərşənbəsidir.

21 fevral 2023 | 08:40

Milli bayramımız olan Novruzun gəlişindən dörd həftə əvvəl xalqımız bayram çərşənbələrini qeyd edir. Qədim ənənələrimizi özündə əks etdirən çərşənbələr Su, Od, Yel, Torpaq çərşənbələri olmaqla 4 yerə bölünür.
​Bu gün-fevralın 21-ində Azərbaycanda Novruz çərşənbələrindən birincisi, baharın müjdəçisi olan su çərşənbəsi qeyd olunur.
​Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. Əvvəllər su üstündən atılma adəti də olub. Təbii ki, axar, saf su nəzərdə tutulur. Üç dəfə atılandan sonra həmin axar suyun uzaq yerində bir saxsı qab sındırıb “Nə dərd-bəlamız varsa, bu saxsıynan getsin” deyərdilər. İlk çərşənbənin gəlişi ilə evlərdə təmizlik işləri aparılır. Çünki Novruz həm də təmizliyin, yeniliyin rəmzidir. Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır. Şirniyyat, quru meyvələr düzülməlidir. Çərşənbələrdə yaşlı insanları, qohumları ziyarət etmək adətdir. Bu gün insanlar bir-biri ilə mehriban davranmalı, növbəti çərşənbələrin də şad, xürrəm keçməsini arzulamalıdırlar. İnanca görə, bayramı hansı əhvah-ruhiyyə ilə qarşılasan növbəti bayrama kimi günlərin əksəriyyəti həmin əhval-ruhiyyə ilə də davam edəcək.
​Su çərşənbəniz mübarək olsun! Ömrünüz su qədər saf, təmiz və aydınlıq içində keçsin!

​ ​

Mətbuat xidməti

Keçidlər