Bu gün Vətən müharibəsinin şəhidi Həsən Rəhim oğlu Həsənovun anım günüdür.
3 oktyabr 2022-ci il tarixdə Vətən müharibəsinin şəhidi Həsən Rəhim oğlu Həsənovun anım günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək Həsən Rəhim oğlu Həsənovun ailəsinə başsağlığı verib, Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə anasına təşəkkür edib və Allahdan ona səbir diləyib. 30 il ərzində tarixi torpaqları ermənilər tərəfindən işğal altında olan Azərbaycan xalqının 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”unda möhkəm birləşərək 44 gün ərzində dünyanı heyrətə salan Şanlı Qələbə qazanmasından, son günlər cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribatına qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatından, vətənimizin ərazi bütövlüyü uğrunda ən şirin nemət olan canlarını qurban verən əsgər və zabirlərimizin şücaətindən, qəhrəmanlığından danışıb. Allah dərgahında ən yüksək məqama çatan şəhidlərimizin böyük hörmət və ehtirama layiq olduqlarını, qədirbilən xalqımızın qəlbində hər zaman yaşayacaqlarını söyləyib. Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, bu sahədə görülmüş işlərin şəhidlərə göstərilən ehtiramın bariz təcəssümü olduğunu vurğulayıb. Azərbaycan Ordusunun çavuşu Həsən Həsənovun döyüşlərdə göstərdiyi şücaətin dövlətimiz tərəfindən layiqincə dəyərləndirildiyini, medallarla təltif edildiyini diqqətə çatdırıb. Onun qəhrəmanlığının, vətənpərvərliyinin yetişən gənc nəsil üçün örnək olduğunu bildirib. Ondan yadigar qalan iki oğlunun da Həsən kimi ləyaqətli və şərəfli övlad olmasını, xoşbəxt, sağlam böyüməsini arzulayıb və onların dövlətə əmanət olduqlarını qeyd edib. Sonra çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhid Zeynal Zülfüqarlının atası Alim Zülfüqarov şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir diləyiblər. Şəhid adının müqəddəsliyini, tarixi qələbəyə qanıyla imzasını atan şəhidlərin tarixdə əbədi yaşayacağını, şəhid analarının ən yüksək ehtirama layiq olduqlarını qeyd ediblər. Daha sonra tədbir iştirakçıları şəhidlərin ruhuna dualar oxuyublar. Anım tədbirindən sonra şəhid Həsən Həsənovun xatirəsinə ehsan süfrəsi təşkil edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti