Bu gün yel çərşənbəsidir.
Novruz inanclarının əsasında dayanan insana, təbiətə həyat verən dörd ünsürdən biri də yeldir. Bu gün isə İlaxır çərşənbələrdən 3-cüsü - Yel, hava çərşənbəsidir.
Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Deyilənə görə, Yel çərşənbəsində əsən külək təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişi barədə xəbərdar edir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər.
Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir.
Yel çərşənbəsi günü də şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir. Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatar bişirilir.
Qoy bu Yel çərşənbəsi evlərizə xoş müjdələr, ruzi-bərəkət gətirsin. Yel çərşənbəniz mübarək olsun!
Mətbuat xidməti