Şriftin ölçüsü :

Saytın rəngi :

Bütün bəşəriyyətə və insanlığa ləkə olan cinayətdən- Xocalı qətliamından 31 il ötür!

25 fevral 2023 | 10:33

Bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayətdən- Xocalı qətliamından 31 il ötür! 31 il...Bir igidin ömrü... O igidlər ki torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq ən uca məqama, şəhidlik zirvəsinə ucaldılar. Xocalı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Bu faciə hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır—vəhşiliyin görünməmiş bir təzahürüdür. Dərin hüzn və kədərlə qeyd edirəm ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirmiş, 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmişdir. Bu faktlar, bu cümlədəki hər bir rəqəm insanın qəlbinə ox kimi sancılır, vəhşi erməni millətinə kinimizi, nifrətimizi hər dəfəsində qat-qat artırır. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”—deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmişdir. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olunmuşdur. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Biz Azərbaycan xalqı övladlarımıza lap təhsil müəssisələrindən başlayaraq Xocalı soyqırımı, ümumilikdə xalqımızın başına gətirilən faciələr haqqında ətraflı məlumat verməli, maarifləndirməliyik. Biz də gənclərlə çalışan müəssisə olaraq mütəmadi olaraq gənclərin vətənpərvər ruhda tərbiyə olunması, xalqımızın başına gətirilən faciələr haqqında daha da maarifləndirilməsi, vətənpərvərlik hissinin daha da artırılması istiqamətində çalışır, fəaliyyət göstərir, müxtəlif tipli tədbir və layihələr həyata keçiririk. Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar təşkil etdiyimiz “Xocalı-Qarabağın səsi” mövzusunda rəsm müsabiqəsi və sərgi, “Yaddaşın unudulmayan tarixi” aksiyası, anım tədbirinin, “Rəşan" Teatr Klubumuzun Xocalı faciəsinin 31-ci il dönümünə həsr olunmuş Sevil Elsevərin senarisi əsasında hazırladığı "Arzu və Murad" tamaşasının nümayişi fəaliyyətimizin bir hissəsidir. Keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində olması tarixin ibrət dərsidir. Azərbaycanın çağdaş tarixində də unudulması mümkün olmayan, bütövlükdə xalqın qəlbində dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman milli yaddaşdan silinməyəcəkdir. Xocalı faciəsi də hər bir Azərbaycanlının son nəfəsinə kimi yaddaşından çıxmayacaq, tam əksinə Xocalı həqiqətlərini bütün dünyaya car çəkmək üçün çalışacaqdır. Danılmazdır ki, Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Aytac Əliyeva

Şirvan Gənclər Evi

Gənclərlə iş üzrə mütəxəssis

Keçidlər