Cənab İlham Əliyevin çoxşaxəli inkişaf strategiyası
Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Heydər Əliyev ideyaları dövlət müstəqilliyinin qorunması, inkişaf siyasətinin davam etdirilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi kimi mühüm strateji istiqamətləri əhatə edir. Azərbaycanın tərəqqisi kontekstində üç məqama xüsusi diqqət yetirilir: səmərəli sosial-iqtisadi siyasət, sistemli islahatlar və uğurlu xarici siyasətin fonunda qlobal əhəmiyyətli beynəlxalq təşəbbüslər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını bir da təsdiq edir. Digər mühüm məsələ ölkədə bütün sahələri əhatə edən kompleks xarakterli və sistemli islahatların həyata keçirilməsidir. Bu islahatlar istər məhkəmə-hüquq sistemində şəffaflığın artırılması, istər siyasi sistemin yeni konfiqurasiyasının formalaşması, istərsə də kadr potensialının gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Sirr deyil ki, Azərbaycan Prezidenti vəzifəyə təyin etdiyi məmurlara müvafiq tövsiyələrini verərək onlara xalqa ləyaqətlə xidmət etmələrini tapşırır. Burada cənab Prezidentin şəxsi nümunəsi hər bir məmur üçün örnək olmalıdır. Təqdirəlayiq haldır ki, ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri təkmilləşdirilib, qanunvericilik bazası beynəlxalq təcrübə nəzərə alınmaqla daha da möhkəmləndirilib. Bütövlükdə isə, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin sistemli xarakter daşıması və bu sahədə müxtəlif dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi uğurlu nəticələrin əldə olunmasına imkan verir. Son zamanlar ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni və daha sərt mərhələsinin başlaması isə qarşıya qoyulan hədəflərə çatmağa imkan verməklə yanaşı, vətəndaş məmnunluğunu daha da artırır. Azərbaycan xalqının mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Bütün bunlar onu göstərir ki, rüşvətxorluq, korrupsiya və digər bu kimi neqativ əməllərə yol verənlər qanunun aliliyi, hüququn üstünlüyü prinsipləri və dövlətin mənafeyi əsas götürülərək layiqli cəzalarını alırlar. Digər qürurverici məqam və təqdirəlayiq hal Azərbaycanın pandemiya şəraitində də qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa xidmət edən mühüm təşəbbüslərlə çıxış etməsidir. Bu yaxınlarda Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi bu reallığı əks etdirən faktlardandır. Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib ki, bu da dövlətimizin, dövlət başçısının beynəlxalq müstəvidə yüksək nüfuzunun daha bir nümunəsidir. Azərbaycan bundan əvvəl də videokonfrans formatında zirvə görüşü keçirib. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunub. Beləliklə, bu təşəbbüsün sayəsində Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat olub.Ümumiyyətlə, Azərbaycan istər reallaşdırdığı transmilli enerji-nəqliyyat layihələri, istərsə də genişmiqyaslı təşəbbüsləri ilə regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa mühüm töhfələr verir. Təsadüfi deyil ki, ölkəmiz beynəlxalq müstəvidə etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində də misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddət ərzində, Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrəti qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir. İlham Əliyev beynəlxalq münasibətlər tarixi sahəsində dərin biliyə malik olan peşəkar siyasətçi kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanmışdır. O, Azərbaycan nümayəndə heyətinin başçısı, yaxud üzvü kimi ABŞ, İngiltərə, Türkiyə, Fransa, Rusiya, Ukrayna, İsveçrə, Qazaxıstan, Özbəkistan, Slovakiya, Polşa, Gürcüstan və b. ölkələrdə rəsmi səfərlərdə, o cümlədən dövlət səfərlərində olmuş, bir çox beynəlxalq konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir.
İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı olmuş, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. O, 2003-cü ilin Prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyev ölkədə İnsan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Onun "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamları (2004, 12 yanvar), Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqını, tələbələr, magistrlər və aspirantların təqaüdlərini dəfələrlə artırması milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir. İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. O, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranırdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmiz dünya birliyinə üzv olurdu. Bu, çox əlamətdar hadisə idi".
lham Əliyev 19 oktyabr 2006-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında Sərəncam imzaladı və həmin Sərəncamla müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramını hazırlamağı tapşırdı. Buna uyğun olaraq o, 16 aprel 2007-ci ildə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramını təstiq etdi. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Ələkbərova Sevinc
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Tarix müəllimi