Şriftin ölçüsü :

Saytın rəngi :

Daxili Qoşunların yaranması günündə şəhid polkovnik-leytenant Rəşad Hüseynovun xatirəsi anılıb.

12 mart 2024 | 16:25

Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 32-ci ildönümünü günü Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə antiterror tədbirləri zamanı şəhid olmuş polkovnik-leytenant Rəşad Hüseynovun xatirəsi anılıb.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısı Aparatının və Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları, şəhidin ailə üzvləri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirdə öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra şəhid polkovnik-leytenant Rəşad Hüseynova həsr olunmuş videoçarx nümayiş olunub, məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya təqdim edilib.

Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranma tarixindən bəhs edərək, Ümummili lider Heydər Əliyevin sərəncamı ilə hər il martın 12-nin Daxili Qoşunların yaranması günü kimi qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, minlərlə qəhrəman Vətən oğlunun canı-qanı bahasına torpaqlarımız düşməndən azad edildi, suverenliyimiz bərpa olundu. Tarixi Qələbənin əldə olunmasında canından keçən qəhrəman oğullarımızın əziz xatirəsinin əbədi yaşayacağı qeyd edib.

Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini diqqətə çatdırıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunduğunu bildirən İlqar Abbasov işğaldan azad olunmuş bütün ərazilərimizdə üçrəngli dövlət bayrağımızın dalğalandığını, bütün şəhidlərimizin qisasının döyüş meydanında alındığını və qanının yerdə qalmadığını vurğulayıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, həssas münasibətdən söz açaraq, bu qayğının Şirvan şəhərində də yüksək səviyyədə davam etdirildiyini qeyd edib.

Sonda xatirə şəkli çəkilib.

Keçidlər