Dövlət Gömrük Komitəsinin sədri Şirvan şəhərində vətəndaşları qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Noyabrın 22-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Şirvan Gənclər Evində Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşları qəbul edib.
DGK sədri Şahin Bağırov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov öncə Şirvan şəhərinin mərkəzi meydanında ucalan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər düzüb.
Daha sonra Şirvan şəhər Şəhidlər Xiyabanı ziyarət edilib, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Dövlət Gömrük Komitəsinin müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Şirvan şəhərinin və Hacıqabul rayon sakinlərinin müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.