Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Şirvan şəhərində vətəndaşları qəbul edib.
21 iyun 2022 | 18:05
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən respublikamızın şəhər və rayonlarında vətəndaşların qəbulu davam edir.
21 iyun 2022-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev vətəndaşları qəbul etmək üçün Şirvan şəhərinə gəlib.
Qəbuldan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzində Ulu öndərin ömür yolunu və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsində Şirvan şəhərindən və Hacıqabul rayonundan olan vətəndaşlar komitə sədri tərəfindən qəbul edilərək dinlənilib. Qəbul zamanı Komitənin fəaliyyət istiqamətlərinə aid olan müraciətlərdən bəziləri yerində həllini tapıb, digərlərinin qanunvericiliyin tələblərinə uyğun araşdırılıb həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Komitə sədri dövlət başçısının arxitektura və memarlığın inkişafı ilə bağlı imzaladığı sərəncamların əhalinin rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. İşğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturun yaradılması, tezliklə dədə-baba torpaqlarına qayıdacaq əhalinin yüksək yaşayış standartlarının, təhlükəsizliyinin, iş imkanlarının və yaşayış məntəqələrinin dayanıqlı inkişafının təmin ediləcəyi barədə məlumat verib.
Vətəndaşlar işğaldan azad edilən tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinə və regionların sosial-iqtisadi inkişafında əldə olunan uğurlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qəbuldan sonra Şirvan Şəhər İcra Hakimiyyətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Şirvan şəhərinin Baş Planına baxıb, şəhərin perspektiv inkişafı ilə bağlı fikir mübadiləsi ediblər.
Mətbuat xidməti