Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlətin və xalqın milli mənafeləri baxımından son dərəcə böyük əhəmiyyətə malik hadisə

11 aprel 2023 | 11:36

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri 5 il ötür. Sayca 8-ci olan seçki seçicilərin 74.3 %-nin iştirakı ilə keçirilmişdir. Xalqın iradəsini əks etdirən və nəticələrinin beynəlxalq legitimliyi ilə fərqlənən 2018-ci ilin aprel seçkiləri zamanı Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. 2016-cı il sentyabrın 26-da referendum keçirilmiş və Azərbaycan Respublikası Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək, dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılmış, bununla da Azərbaycan Respublikasının Prezidentinə növbədənkənar prezident seçkilərini elan etmək səlahiyyəti verilmişdir. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 5 fevral tarixli sərəncamı ilə növbədənkənar prezident seçkiləri elan edilmişdir. Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildiyi gün - 2018-ci il aprelin 11-də müsahibə verən Prezident İlham Əliyev belə demişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”. Seçkilərdə inamlı qələbə qazanmış cənab İlham Əliyev növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başladı.Prezident İlham Əliyevə 2003-cü ildən etimad göstərən Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf xalqın seçimini müəyyən etmişdir. Azərbaycan xalqının iradəsini əks etdirən Prezident seçkiləri ədalətli və şəffaf şəkildə keçirilmişdir. Xalqımız ulu öndərimiz Heydər Əliyevin siyasətinə sadiq qalan və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevə inandı, onu dəstəklədi. Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, strateji valyuta ehtiyatları 26.6 dəfə artıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Həmin illərdə maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb, 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir. Əlbəttə ki, bu tarixi Zəfərin əldə olunması üçün uzun illər ərzində müvafiq tədbirlər görülmüş, məqsədyönlü addımlar atılmışdı. O cümlədən Azərbaycanda 2018-ci ilin 11 aprel tarixində keçirilmiş növbədənkənar Prezident seçkiləri dövlətin və xalqın milli mənafeləri baxımından son dərəcə böyük əhəmiyyətə malik olan hadisə idi. Prezident İlham Əliyev Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 20 ildə Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezidentin rəhbərliyi ilə ölkədə iqtisadi sahələrdə əldə edilən uğur və tərəqqi digər sahələrin inkişafına da təsir göstərib. Güclü iqtisadi tərəqqi güclü ordunun yaradılmasına təkan oldu. Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alib. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Cənab İlham Əliyevin effektiv siyasəti, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Azərbaycanın əldə etdiyi uğurlar xalqımızın 2018-ci ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyev kimi uzaqgörən siyasi lideri dəstəkləməklə düzgün mövqe tutduğunun sübutudur.

 

Ramil Tağıyev

Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbi PHŞ- nin direktoru 

Keçidlər