Şriftin ölçüsü :

Saytın rəngi :

Dünyanın 30 il unutduğu torpaqlar yenidən dirçəlir, Azərbaycan və Türkiyənin birgə sevgisi ilə yoğrulur.

22 oktyabr 2022 | 12:04

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 26 oktyabr 2021-ci ildə isifadəyə verilən Füzuli hava limanının açılışında iştirak etdikdən sonra bu dəfə 20 oktyabr 2022-ci il tarixdə Zəngilan Beynəlxalq Hava limanının açılışında iştirak etdi. Azərbaycan və Türkiyə liderləri səfər çərçivəsində bir sıra açılışlarda iştirak ediblər, təməlatma mərasimləri olub. Təbii ki, bütün bu baş verənlər, bu səfər Azərbaycan Türkiyə əlaqələrinin daha da güclənməsinə yeni bir töhvədir. Türkiyənin siyasi və mənəvi dəstəyi ilə yeni reallıqlar yaradan Azərbaycan hər keçən gün gücünə güc qatır. Əsas məsələlərdən biri işğaldan azad olunmuş ərazilərin dirçəldilməsidir. Burada tikinti, abadlıq, quruculuq işlərinin aparılmasıdır. Bu məsələlərdə Türkiyə şirkətləri yaxından iştirak edir. Son bir il ərzində iki hava limanı açıldı. Bu hava limanları sırf sərnişin daşınmasına hesablanmış bir məsələ deyil, regionun gələcək daha surətli inkişafını təmin etmək üçün verilmiş qərarlardır. Zəngilan hava limanının digər özəlliyi ondan ibarətdir ki, bu hava limanına ağır yük daşıya bilən təyyarələr asanlıqla enə biləcək. Füzuli hava limanından fərqli olaraq bu daha çox strateji önəmə sahibdir. Istənilən növ təyyarələr asanlıqla bu hava limanına enib qalxa biləcək. Saatda 200 sərnişinin daşınması bölgənin iqtisadi turizm həyatına öz töhvəsini verəcək. Təəssüf ki, regionda hələ də bəzi qüvvələr Azərbaycanın qazandığı bu uğurları həzm edə bilmir. Azərbaycanın reallaşdırmaq istədiyi Zəngəzur dəhlizinə qısqanclıq, paxıllıq hissi ilə yanaşan ölkələr var. Bu mənada ölkə prezidenti cənab İlham Əliyev mətbuat konfransında xüsusilə vurğuladı ki, “Şuşa bəyannaməsi” həm bölgəyə, ümumiyyətlə isə dünyaya ciddi mesajdır. Azərbaycan Türkiyə birliyi bölgədə çox önəmli bir amildir. Bu sülh və sabitlik amilidir. Əgər kimsə bizə qarşı yenə ədalətsiz hərəkət etmək istəsə bu amili ciddi nəzərə almalıdır. Məhz, Vətən Müharibəsində Türkiyəyə məxsus F-16 qırıcıları təlimə gəldikləri üçün Azərbaycanda qalmışdılar. Bu da Türkiyə tərəfinin Azərbaycana bir dəstəyi idi. Türkiyə prezidenti həmin dövrdə açıq-açıq bildirmişdi ki, Azərbaycana qarşı üçüncü dövlət müdaxilə edərsə o qırıcıları görəcəkdir. Dost dar gündə tanınar. Millətimizin ən çətin günündə, taleyüklü məsələlərin həllində Türkiyə tərəfi siyasi dəstəyini nümayiş etdirdi. Bölgədə abadlıq quruculuq işlərində bundan sonra da Türkiyə-Azərbaycan əməkdaşlığı fəal şəkildə davam etdiriləcək. “Dost Aqropark” layihəsi də Müştərək tarixin, Müştərək zəfərin simvolu kimi bölgədə kənd təsərrüfatının dirçəldilməsində önəmli yer alıb. Mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusilə qeyd etdi ki, indiyə kimi bu dağılmış xarabalığa çevrilmiş yerlərə ATƏT-dən Avropa İttifaqından heç kim gəlməyib. Əslində, bu gün belə bu ərazilərdə- Zəngilan, Füzuli, Cəbrayıl, Kəlbəcər, Laçın və digər işğaldan azad edilmiş yerlərdə hələ də erməni vandalizminin izləri qalmaqdadır. Bu izlər uzun illər orada qalacaq. Qısa vaxt ərzində onları silmək mümkün deyil. Mənfur erməni nifrəti ilə yerlə yeksan edilmiş torpaqlarda o qədər insanlığa sığmayan addımlar atılıb ki, əvvəllər var olan bir şəhər indi demək olar tamamilə silinib. 30 ildə bu ərazilərə gəlməyən ATƏT, Avropa İttifaqı bundan sonra da o itirdikləri şanslarını istifadə edərək baş verənlərə ədalətli yanaşmaq duyğularını itirməyiblərsə gəlib erməni vəhşiliklərini yerində görə bilərlər. Çünki, hələ də ermənilərin törətdiyi vəhşiliklər qalmaqdadır. Yaralı torpaqların hər daşı qan ağlayır.Uçuq, sökük hər bir binanın gözləri yol çəkir. Evindən , obasından didərgin düşmüş insanların yolunu gözləyir. Bu torpaqları biz azad elədik. Amma təəssüf ki, mina problemi hələ də ciddi bir təhdiddir. 250 dən çox insan mina partlamasından həyatını dəyişib. Bu ərazilər tam təmizləndikdən sonra hər kəsin qayıtması mümkün olacaq. Bu isə illərlə vaxt və böyük bir vəsait tələb edir. Geri Qayıdış çətin və əziyyətli bir yol olsa da bütün bunların öhdəsindən Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətlə gəlmək mümkün olacaq. Kəndlərin, qəsəbələrin, şəhərlərin infrastrukturunun qurulması üçün vacib addımlar atılır. Bunlara uyğun qərarlar qəbul edilir. Məhz bu hava limanları bölgəyə aparılan yüklərin daha tez çatdırılmasını təmin edəcək. Bu gün bütün istiqamətlər üzrə dəmir yolları xətləri və avtomobil yolları tam hazır vəziyyətdə deyil. Yeri gəlmişkən qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə Türkiyə və Azərbaycan tərəfindən 33 tunelin inşası nəzərdə tutulub. Bu tunellərin uzunluğu 50 km.dən çoxdur. Azərbaycanda heç vaxt bu qədər uzunluğu olan tunellər olmayıb. Fərhad Şirin sevgisindən qayaları yarırdısa, bu gün də Azərbaycan Vətən sevgisi ilə dağları, qayaları, keçilməz səddləri yarıb yollar salır. Ümumi uzunluğu 12 km. olan 84 körpü tikilir. Insan nəfəsinə, ayaq izlərinə həsrət qalmış, bu gün öz sakinlərinə qucaq açan torpaqların sinəsinə yollar açılır. Tək bir məqsəd o bölgəyə daha surətli şəkildə insanların rahatlıqla gedib gələ biləcəyi yolların olması, onların rifah halının yaxşılaşdırılması, o infrastrukturu qurub təmin etməkdir. Bir nüansı xüsusilə vurğulamaq istərdim. Azərbaycanın bu gün o bölgədə gördüyü işlər o qədər yüksək səviyyədə icra olunub ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz təəccübünü gizlədə bilmədi və qeyd etdi ki, Ağalı kəndinə artıq bundan sonra kənd deyə bilmərik, ora müasir bir şəhər kimi inkişaf edib. Bizim kəndlərimiz indidən şəhər kimi görünürsə 20-30 il sonra bu şəhərlərin həm xarici qonaqlar tərəfindən, həm də ölkəyə gələcək turistlər tərəfindən necə qarşılanacağını təsəvvür etmək çətin deyil. Bəziləri Qarabağla bağlı atılan addımları qorxu ilə qarşılayır. Naxçıvan ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdə narahatlıqlar var. Lakin bunlara heç bir ehtiyac yoxdur. Bu sülhə, əminamanlığa xidmət edən bir layihədir. Şərq-Qərb orta dəhliz marşrutu üzərində yerləşən bütün ölkələr üçün ticarət sərmayə imkanlarını təqdim edir. Bu koridorun istifadəyə verilməsi ilə birlikdə Azərbaycan yeni bir orta dəhliz marşrutunu regiona təqdim edir. Dünya ölkələri Azərbaycanın yaradacağı yeni bir imkandan səmərəli formada istifadə edə bilərlər. Bundan xeyli ölkələr faydalana bilər. Yüklər daha surətli daşınacaq və bölgənin iqtisadi siyasi inkişafına öz töhvəsini verəcək. Sülh, əminamanlıq daimi olacaq. Ermənilərin bir daha azərbaycanlılar qayıda bilməsin deyə viran qoyduğu torpaqlarda Günəş fərqli doğacaq, bütün sakinlər vətəninə qayıdacaq. Azərbaycanın bu bölgədə reallaşdıracağı layihələr bundan sonra da uğurla icra ediləcək. Azərbaycanın əsas hədəfi davamlı sülh, firəvanlıq və sabitlikdir. Hörmətli Rəcəb Tayyib Ərdoğanının sözləri ilə desək “ Sülhün uduzanı olmur”.



Nəsibə Məmmədova

Azərbaycan Respublikası

Dövlət Arxivi Şirvan filialının direktor

vəzifəsini müvəqqəti icra edən

Keçidlər