Şriftin ölçüsü :

Saytın rəngi :

“Əgər Ermənistan sülh istəyirsə, biz buna nail olacağıq”.

03 avqust 2023 | 13:01

Qalib ölkənin qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu televiziya kanallarından biri olan “Euronews” kanalına müsahibəsi və müsahibə zamanı verdiyi mühüm mesajlar həm ölkə, həm də dünya ictimaiyyəti tərəfindən maraqla qarşılandı. Prezident İlham Əliyev müsahibə zamanı diqqət çəkən bir sıra məqamlara toxunaraq ölkəmizin reallıqlarını, dünyadada gedən mürəkkəb proseslər fonunda Azərbaycanın lider mövqeyinin daha da möhkəmlənməsi, Ermənistanla aparılan sülh danışıqları prosesində Azərbaycanın ədalətli mövqeyi, sülhün prinsipial şərtləri və bu prosesdə  Avropa İttifaqı və Rusiyanın vasitəçilik səylərinin möhkəmləndirilməsi, 10 noyabr bəyanatının şərtlərinin yerinə yetirilməsi, Azərbaycanın haqlı mövqeyinə qarşı bir bir sıra Qərb dairələrində ədalətsiz mövqeyin nümayiş olunması, Laçın yolu və Zəngəzur dəhlizi kimi bir sıra mühüm aktual məsələlərə toxundu.  Prezident İlham Əliyev 44 günlik Vətən müharibəsində qazanılan inamlı qələbəni ədalətli mövqe kimi şərh edərək bildirdi ki, “Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq biz qisası döyüş meydanında aldıq”. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirərək müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizamlı və yüksək döyüş ruhu ilə seçilən Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasına nail oldu. Dünya miqyasında ən güclü ordular sırasında yer alan Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində mükəmməl döyüş taktikası ilə yeni nəsil müharibə nümunəsi göstərdi. Əks-hücum əməliyyatları ilə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Həqiqətən, bu tarixi ədalətin bərpası, 30 illik işğalın sona çatması və yüzlərlə günahsız qətlə yetirən soydaşlarımızın qisasının döyüş meydanında alınması demək idi. Müsahibə zamanı Prezident İlham Əliyev Ermənistanın 30 illik işğal dövrü ərzində işğal altında olan ərazilərimizi tamamilə məhv etməsini vuğulayaraq bildirdi ki, “Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Füzuli tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir”. Reallıq bundan ibarətdir ki, həqiqətən Ermənistan 30 il ərzində işğal altında saxladığı əzəli Azərbaycan torpaqlarını, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanı, Ağdamı, Füzulini və digər ərazilərimizi dini, mədəni, ekoloji və humanitar terrora məruz qoymuşdur. Təkcə Ağdam şəhərinin “Qafqazın Xerosiması” adlandırılması bu faktı bir daha təsdiqləyir. Prezident İlham Əliyev müsahibəsində Ermənistanla sülh danışıqları prosesinə də toxunaraq bildirmişdir ki, “Əgər Ermənistan sülh istəyirsə, biz buna nail olacağıq”. Bu bəyanat Azərbaycanın sülh mövqeyinin bir daha açıq şəkildə ifadəsidir. Prezident İlham Əliyev Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını, Ermənistandan da eyni mövqeyi nümayiş etməsini istədiyimizi bildirərək qeyd etdi ki, “Bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik”. Müzəffər Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” nidası ilə başlatdığı Zəfər yürüşü 30 illik işğala son qoyaraq  tarixi ədaləti bərpa etdiyi kimi, “Əgər Ermənistan sülh istəyirsə, biz buna nail olacağıq” deməsi ilə bağlanacaq sülhə  Azərbaycanın diqtə etdiyi şərtlərlə nail olunacağına inam yaradır.

           

Elnur Novruzov

Şirvan Peşə Liseyinin direktoru

Keçidlər