Şriftin ölçüsü :

Saytın rəngi :

Ənənəvi olaraq aprel ayının sonuncu cümə axşamı Şəhidlər Xiyabanı ziyarət edilib.

27 aprel 2023 | 14:42

Şəhidlərin doğum və anım günlərində, hər ayın sonuncu cümə axşamlarında Şəhidlər Xiyabanının ziyarət olunması, şəhid ailələri ilə görüşlərin təşkili Şirvan şəhərində ənənə halını alıb. 27 aprel 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Ramil Əhmədov,  Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, din xadimləri və şəhid ailələri ilə birlikdə ənənəvi olaraq hər ay olduğu kimi aprel ayının sonuncu cümə axşamı Şirvan Şəhidlər Xiyabanını ziyarət edib. Öncə Birinci Qarabağ müharibəsi zamanı Şirvan şəhərindən itkin düşənlərin xatirəsinə ucaldılan abidə önünə tər qərənfillər qoyulub, xatirələri ehtiramla yad edilib. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, ailələrinə səbr dilənib. Ziyarətdən sonra “Şəhid anası” memorial abidə kompleksinin önündə şəhid ailələri ilə görüş keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid valideynlərini salamlayıb, onlara Vətən, xalq üçün vətənpərvər, şücaətli, mərd oğullar böyütdüklərinə görə təşəkkürünü bildirib. Şəhid ailələrinin dövlət başçısı cənab İlham Əliyevin və və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın daim diqqətində olduğunu, onların sosial problemlərin həlli məqsədilə müvafiq dövlət siyasətinin həyata keçirildiyini qeyd edib. Yaralıların və şəhid ailələrinin sosial-məişət problemlərinin həlli məqsədilə yaradılan YAŞAT fondunun, Müdafiə Nazirliyinin xüsusi komissiyasının, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və veteranlarla bilavasitə məşğul olmaq üçün şəhər və rayon icra hakimiyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılmasının qazilərə və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu xatırladıb. Bu siyasətin davamı olaraq, Şirvan şəhərində şəhidlərin doğum və anım günlərində məzarları qarşısında xatirə tədbirlərinin keçirildiyini, onların ailələrinin əlamətdar günlərdə ziyarət olunduğunu, adlarının əbədiləşdirildiyini, Şəhidlər Xiyabanında ardıcıl abadlıq-bərpa işlərinin aparıldığını diqqətə çatdırıb. Onların əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim uca tutulacağını vurğulayıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb və bu barədə çıxış etmələri üçün sözü onlara verib. Görüşdə qaldırılan məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qanunvericiliyə uyğun şəkildə şəhid ailələrinə geniş izahat verilib. Şəhid məzarlarının hər birinin yanında dövlət bayrağının qoyulması ilə bağlı müraciətə dövlət bayrağının istifadəsinin “Azərbaycan Respubluikasının Dövlət bayrağının istifadə qaydaları” ilə tənzimləndiyini və qanunun yol verdiyi halda tətbiq olunacağını bildirilib.   Şəhid ailələrinə torpaq sahəsinin verilməsi ilə bağlı müraciətə cavab olaraq, 2017-ci ildən Şirvan şəhəri ərazisində 485 hektar boş torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaqları və meşə fondu torpaqları kateqoriyasına daxil edildiyi, qanunla həmin torpaqlarda tikinti aparılmasına icazə verilmədiyi, lakin kateqoriyanın dəyişdirilməsi məqsədilə müvafiq orqanlara müraciət olunduğu diqqətə çatdırılıb. Şəhidlərin orden və medallarla təltif edilməsi, adlarının küçələrə verilməsi ilə bağlı ailələrinin müraciətlərinin “Şəhid adlarının əbəiləşdirilməsi haqqında Qanun”a əsasən tənzimləndiyi, zamanla bu məsələlərin də davamlı olaraq həllini tapacağı qeyd olunub. Tədbirdə iştirak edən şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Ziyarətin sonunda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

 

Mətbuat xidməti

Keçidlər