Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır.

16 sentyabr 2022 | 18:10

12-13 sentyabr 2022-ci il tarixlərində Ermənistan silahlı qüvvələri həmişəki kimi Rusiya Federasiyasının, Azərbaycan Respublikasının prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladığı 10 noyabr bəyannaməsinə zidd olaraq genişmiqyaslı təxribatlar törətmişdir. Bu təxribatlar bir daha bütün dünyaya bəyan etdi ki, İrəvan öz revanşist niyyətindən əl çəkmək istəmir. Bu revanşist siyasət bütün region üçün təhlükə yaradır. 44 günlük Vətən müharibəsi nəticəsində tarixi torpaqlarımız geri qaytarılmışdır. Amma buna baxmayaraq Ermənistan üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmir, yeni təxribatlar törədir. Müzəffər Ali Baş Komandanın "Dəmir yumruq yerindədir" xəbərdarlığından dərs almayan işğalçı erməni ordusu bu dəfə də, qəhrəman Azərbaycan ordusunun gücünə şahid oldu. Silahlı Qüvvələrimiz ölkəmizin sərhədlərinə və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü. Azərbaycan ordusunun gücü, qüdrəti ilə Azərbaycan torpaqlarına, Azərbaycan əsgərinə qarşı edilən bu xəyanətkar hərəkətlərə layiqli cavab verildi. İşğalçı və təcavüzkar Ermənistan bilməlidir ki, ölkəmizə qarşı istənilən təxribatı törədənlər ağır cəzalandırılacaq. Ermənistanın törətdiyi təxribatlar onu göstərir ki, erməni faşizmi öz nifrətindən əl çəkmir, vəhşiliklərini müxtəlif yollarla ifadə edir. Təəssüf ki, işğalçının reallaşdırdığı mina terrorunu, vandallığı beynəlxalq aləm susqunluğla qarşılayır. Bir sözlə, bütün bu vəhşi əməllərin qarşısında dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlar səssiz qalır. Bu barbarlıqla bağlı Azərbaycanın davamlı müraciətləri isə heç bir nəticə vermir. Ermənistanın belə vandal əməllər törətməsi onun faşist xisləti ilə bağlı olsa da, qəsbkar bu məsələdə həm də Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarında həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədi güdür. Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti son günlərdə Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində ordumuzun mövqelərini intensiv atəşə tutması, genişmiqyaslı təxribatları da Azərbaycanın həyata keçirdiyi bərpa layihələrinin icrasının qarşısını almaq və vəziyyəti gərginləşdirməyə xidmət edir. Azərbaycan ordusunun əks-hücum əməliyyatı Ermənistanın qurduğu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. Müzəffər ordumuz Azərbaycanın dövlət sərhədi istiqamətlərində Ermənistanın bütün təxribatlarına layiqli cavab verir. Ermənistanın növbəti avantürası, regionda formalaşmış yeni reallığı dəyişmək cəhdi özü üçün yeni problemlər yaradır. Bunu Ermənistanın Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan son təxribatı bir daha təsdiq edir. Düşmənin son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz 44 günlük Vətən Müharibəsi şücaətini təkrarlayaraq, Azərbaycan ordusunun nəyə qadir olduğunu bir daha nümayiş etdirdilər. ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT, YARALILARIMIZA ŞƏFA VERSİN !

Keçidlər