“Əsas Həyat Bacarıqları” layihəsinin yekunu və mükafatlandırma mərasimi keçirilib.
12 sentyabr 2022-ci il tarixdə “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsində “Əsas Həyat Bacarıqları” layihəsinin yekunu və mükafatlandırma mərasimi keçirilib. Layihəyə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və UNİCEF-in tərəfdaşlığı, Şirvan Gənclər Evinin təşkilatçılığı ilə 15 avqust 2022-ci il tarixdən start verilib. “Əsas Həyat Bacarıqları” təlimi Şirvan şəhərində ilk dəfə Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müəllimi Aynur Bünyatovanın nəzarəti ilə, Gənclər və İdman Nazirliyinin təlimçisi, Gənclər Evinin psixoloqu Nicat Sarxanov tərəfindən həyata keçirilib. 3 hissədən (özünü tanıma, şəxslərarası bacarıqlar, düşünmə bacarıqları) və 16 mövzudan ibarət olan təlimlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin şəxsi inkişafına və əsas həyat bacarıqlarının əldə edilməsinə dəstək olmaqdır. "Əsas Həyat Bacarıqları" layihəsinin yekununda Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov və təlimçi Nicat Sarxanov gəncləri təbrik edərək, təlim müddətində öyrəndikləri bacarıqları şəxsi fəaliyyətlərində həyata keçirmələrini tövsiyyə edib, gələcək həyatlarında uğurlar arzulayıblar. Təlimləri uğurla başa vurmuş gənclərə 3 növdə- "Xüsusi iştirakına görə", "Aktiv iştirakına görə" və “Ümumi iştirakına görə” beynəlxalq sertifikatlar təqdim olunub.
Mətbuat xidməti