Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağlı Şirvanda görüş keçirilib.

10 fevral 2023 | 16:12

10 fevral 2023-cü  il tarixdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsində 10-11-ci sinif şagirdləri və hərbi xidmətini başa vurmuş gənclərlə görüş keçirilib. Görüş məktəbli gənclərin Polis Akademiyasında təhsil almağa, hərbi xidməti başa vuran gəncləri isə polis sıralarında xidmətə dəvət etmək məqsədilə təşkil olunub. Görüşdə Daxili işlər Nazirliyi və Şirvan şəhər Polis şöbəsinin əməkdaşları, Polis Akademiyasının müəllim heyəti, Şirvan Gənclər Evinin əməkdaşları, Şirvan şəhər ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak edib. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin şəxsi heyətlə iş idarəsinin şöbə rəisi, polis polkovnik leytenantı Firdovsi Nəsirov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyətlə iş idarəsinin baş inspektoru, polis polkovniki Laçın Paşayev, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Polis Akademiyasının Cinayət prosesi kafedrasının müəllimi, polis mayoru Rafiq Quliyev,  Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müəllimi, polis leytenantı Mirzə Məmmədov çıxış edərək, gəncləri salamlayıb və gələcək həyatlarında uğurlar arzulayıblar. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn tələblərə müvafiq olaraq, Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviqlə bağlı respubliakmızın müxtəlif bölgələrində təbliğat xarakterli tədbirlərin mütəmadi keçirildiyini bildiriblər. Polis və Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi, yeniyetmə və gənclərimizin Daxili İşlər Nazirliyi sistemində təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində məlumat veriblər. Qocaman təhsil müəssisəsi olan Polis Akademiyasının ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıblar. Tədbirdə həmçinin, Akademiyaya qəbul qaydaları ilə bağlı abituriyentlərin sualları cavablandırılaraq orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışılıb. Görüşün sonunda şagirdlərin sualları Daxili işlər Nazirliyi və Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən cavablandırılıb.

 

Mətbuat xidməti

Keçidlər