Görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 ili tamam olur
Aprelin 28-də Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 ili tamam olur. Görkəmli oftalmoloq-alimin 100 illik yubileyinin qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin ötən ilin noyabrında imzaladığı Sərəncam akademik Zərifə Əliyevanın tibb sahəsində xidmətlərinə dövlət səviyyəsində verilən yüksək qiymət olmaqla onun elmi irsinin aktuallığını bir daha təsdiqləyir. Yubiley tədbirləri çərçivəsində Səhiyyə Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının keçirdiyi konfranslar elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır, tədqiqatçılar üçün yeni istiqamətlər müəyyənləşdirir. Çünki görkəmli oftalmoloq-alimin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir.
Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdı. Atası Əziz Əliyev bir çox mühüm vəzifələrdə, o cümlədən rektor, nazir, Mərkəzi Komitənin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm vəzifələrdə çalışmış, yüksək intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Onun enişli-yoxuşlu həyat yolu övladları üçün əsl məktəb idi. Belə bir ailədə böyüyən Zərifə xanım, təbii ki, zəhmətsevərliyi, məsuliyyəti, xeyirxahlığı, nəcibliyi ilə başqalarından seçilirdi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, xalqa və Vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər Zərifə xanıma da sirayət etmişdi. O, 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul oldu və institutu əla qiymətlərlə bitirdi. Oftalmologiya peşəsinə daha dərindən yiyələnmək üçün Moskvaya üz tutdu, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçdi.
Zərifə Əliyeva həkimlik peşəsini çox uca tuturdu. Həkimi Günəşə bənzədərək deyirdi: “Həkim insanlara Günəş qədər lazımdır”.
1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, o cümlədən traxoma geniş yayılmışdı. İnsanları bu xəstəlikdən xilas etmək, eləcə də digər aktual problem olan gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Zərifə Əliyeva məhz belə bir vaxtda Moskvadan Vətənə qayıdır və 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin geniş yayıldığı rayonlara gedir, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında maarifləndirici söhbətlər aparırdı.
Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi aradan qaldırıldı.
1967-ci ildən fəaliyyətini Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında davam etdirən Zərifə Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı idi. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratdı və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoydu. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.
Görkəmli alim uzun illər respublikanın iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarda əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verildi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Akademik Zərifə Əliyeva zəngin irs qoyub: 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitləri. Onun daha bir xidməti yüksəkixtisaslı tibb kadrları yetişdirməsidir. Zərifə xanımın rəhbərliyi və qayğısı ilə həmin illərdə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdi. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Zərifə xanım insanlara nur bəxş etmiş həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır. O, həyatı daim mübarizələrdə keçən Heydər Əliyevin ömür-gün yoldaşı idi. Həyat yollarında daim birgə addımlayır, çətinliklərə birgə sinə gərirdilər. Ulu Öndər deyirdi: “O, mənə sadəcə ömür-gün yoldaşı deyildi. O, mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi”.
Ailənin yükünü zərif çiyinlərində mətanətlə daşıyan Zərifə xanım Vətənə layiqli övladlar yetişdirib. Bu məqamda Prezident İlham Əliyevin bir fikrini xatırlatmaq yerinə düşər: “Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi”.
Amansız ölüm akademik Zərifə xanım Əliyevanı canından artıq sevdiyi ailəsindən, xalqından çox tez ayırdı. 62 il ömür sürmüş Zərifə xanım alim və insan kimi kamillik zirvəsinə yüksəldi. Bu böyük insanın keçdiyi şərəfli və parlaq ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir.