Heydər Əliyev - bütöv bir millətin minnətdarlıq və güvən duyğularını haqq etmiş dahi
12 dekabr 2022 | 09:04
“Uca dağlar uzaqdan daha əzəmətli görünür,” – deyirlər. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ölkəmizin və xalqımızın taleyində oynadığı misilsiz rolun, yerinə yetirdiyi böyük işlərin, yaratdığı sabitliyin və əminamanlığın, iqtisadi strategiyanın, ideoloji təməlin əhəmiyyəti də illər ötdükcə daha aydın görünür.
Dahi insanlara xas olan bütün mənəvi keyfiyyətlər onun şəxsində qibtə ediləcək kamilliklə əks olunmuşdu: dəmir iradə və fitri idarəetmə istedadı, yaradıcılıq və quruculuq, iti fəhm və dərin zəka, siyasi uzaqgörənlik və müdriklik, fenomenal yaddaş və güclü məntiq, böyük vətənpərvərlik və yüksək humanizm, ən nəhayət dövlətçilik və Azərbaycançılıq.
Ulu Öndər Müstəqil Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirməklə xalqımızın ən görkəmli şəxsiyyəti olaraq tarixdə silinməz iz qoymuşdur.
Belə bir deyim var: “İnsanı yaşadan əməlləri, əsərləri, övladlarıdır”.
Ulu Öndər vətənimiz üçün tarixin ən çətin sınaq dönəmində ən mühüm işləri görmüşdür.
1969-1982-ci illərdə, Azərbaycana ilk dəfə rəhbərlik etdiyi zaman görülən işlər Azərbaycanı gələcəkdə siyasi müstəqilliyə aparan yolda mühüm rol oynamışdır.
Keçmiş Sovetlər birliyinin ali rəhbərliyində təmsil olunduğu dövrdə doğma Azərbaycanının tərəqqisi üçün səyini əsirgəməmiş, lazım gəldikdə xalqının gələcək taleyi və milli mənliyi ilə bağlı məsələlərdə qətiyyət göstərərək, sərt bəyanatlarla çıxış etmiş, əsl vətənpərvərlik mövqeyi göstərmişdir.
Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illərdə Müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu olaraq çağdaş tariximizə şanlı səhifə yazmışdır.
Xalqın təkidli istəyinə səs verərək 1993-cü ilin 9 iyununda Bakıya qayıtması onun nə qədər qətiyyətli, prinsipial, heç bir təhlükədən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir.
Yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndərin qarşısında ən müxtəlif çeşidli problemlər dururdu: siyasi, iqtisadi, geosiyasi, etnosiyasi və sairə.
Onları həll etmədən Azərbaycanın qazanmış olduğu kövrək müstəqilliyə dönməz və qəti xarakter vermək, dövlətçilik ənənələrini dirçəltmək, bütün cəmiyyət üçün qanunların prioritetini təmin etmək, düzgün və balanslaşdırılmış xarici siyasi xətt yeritmək qeyri-mümkün idi.
Hərc-mərcliyin, özbaşınalığın hökm sürdüyü, qanunsuz silahlı dəstələrin at oynatdığı, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ermənilər tərəfindən işğalın gündən-günə genişləndirildiyi, bir çox xarici dövlətlərin Azərbaycanı suveren dövlət kimi görmək istəmədiyi, beynəlxalq aləmdə təkləndiyi bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zaman kəsiyində dəyişərək normal məcrasına salmaq böyük siyasət və müdriklik tələb edirdi.
Bu qayıdış Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sözləri ilə desək: “Müasir Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir”.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratdı. Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin ən layiqli təmsilçisi onun övladı cənab İlham Əliyevdir.
Ulu Öndərimiz Heydər Əliyevin xalqa son müraciətindəki müdrik mövqeyini, uzaqgörənliyini – “Mən İlham Əliyevə özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikrini möhtərəm Prezidentimiz öz uğurlu fəaliyyəti ilə ötən müddətdə tam təsdiqləməklə həm Ulu Öndərimizin, həm də bütün Azərbaycan xalqının ümidlərini doğrultdu.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan milli intibahının şərəfli mərhələsini yaşayır. Son 19 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kurs sayəsində müstəqil Azərbaycanın yeni dövrün tələblərinə cavab verən sürətli və kompleks inkişafı təmin olunub.
Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyü təmin edildi.
Regionda və dünyada baş verən tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını qabaqlayan möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin inkişafına və təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirir.
Bizim qarşımızda duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının müqəddəs borcudur.
Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın məqsədyönlü və genişmiqyaslı yorulmaz fəaliyyəti hər birimiz üçün nümunədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sürətlə inkişaf etdirdiyi Azərbaycanın yüksəlişində Heydər Əliyevin adını daşıyan və Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun xidmətləri əvəzolunmazdır.
Ulu Öndərin Anım gününə həsr olunmuş yazıda çox hörmətli Mehriban xanım Əliyevanın Ulu Öndər haqqında dediyi bu qiymətli sözləri bir daha xatırlatmaq istəyirəm: “Heydər Əliyev 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Lider olmuşdur”.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Vətənini sevən hərbir soydaşımız Heydər Əliyev siyasi məktəbinin yetirməsi və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi xəttini qəlbən müdafiə edir və bu siyasətin xalqımızı firavan gələcəyə aparacığına tam əminliklə inanırlar.
Müstəqil Azərbaycan etibarlı əllərdədir.
Barxudar Barxudarov
Şirvan Dövlət İqtisadiyyat və
Humanitar Kollecin direktoru,
filologiya üzrə fəlsəfə doktoru