Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev qətiyyətinin təntənəsi

19 yanvar 2023 | 16:58

1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 33 il ötür. Hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir. Sovet İttifaqında uzun müddət davam edən durğunluq tədricən iqtisadi böhran ilə əvəz olunmuşdu. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən əməli tədbirlərin görülməməsi və digər neqativ hallar haqlı narazılığı artırırdı. Digər tərəfdən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Dağlıq Qarabağda separatizm meyllərinin qızışdırılması onsuz da mürəkkəb olan ictimai-siyasi vəziyyəti daha gərginləşdirirdi. Sadalanan amillər fonunda Azərbaycan xalqının müstəqillik arzusunun gerçəkləşməsinə zəmin yaradırdı. Beləliklə, bir tərəfdən, Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi, digər tərəfdən isə, ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqının rəhbərliyinə bəhanə verərək Azərbaycana qarşı sərt addımların atılması üçün şərait yaratdı. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilmiş, 700-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Ümumilikdə həmin dövrdə 147 nəfər şəhidlik zirvəsinə yüksəlmiş, 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq olmuşdur.
Xalqımızın başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. Ümummilli lider Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Ulu Öndər Heydər Əliyev həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı 20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət vermişdir. Ulu Öndər Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışında deyirdi: "1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir". 1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməkdən qorxmadığını sübut etdi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edildi.
Sonradan xalqın təşəbbüsü ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Ümummilli lider bu abidənin ucaldılmasını şəhidlərin qarşısında Azərbaycan xalqının müqəddəs və mənəvi borcunun yerinə yetirilməsi kimi dəyərləndirirdi. 1998-ci ilin oktyabrında abidənin açılışında Heydər Əliyev deyirdi: "Mən çox məmnunam ki, ötən illərdə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün və onların qəhrəmanlıq nümunələrini Azərbaycanda təbliğ etmək üçün, gənc nəslə, yeni-yeni nəsillərə çatdırmaq üçün bütün işləri görmüşük və bundan sonra da görəcəyik". Ulu Öndər dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəblərinin və günahkarlarının araşdırılması ilə də məşğul oldu. 1994-cü il yanvarın 5-də Ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. 1994-cü il 12 yanvar tarixində Ulu Öndər Heydər Əliyev Dövlət komissiyasının geniş iclasında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırlayaraq həmin sənəddə yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində qərarın özünün yerinə yetirilmədiyini nəzərə çatdırdı. Həmçinin, Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərman ilə 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir. 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik mübarizəsi tarixinə faciə və xalqımızın qəhrəmanlıq salnaməsi kimi yazıldı. Həmin ağrılı günlər həm də sınaq dövrü kimi yadda qaldı. Bu faciə kimin kim olduğunu üzə çıxardı. Ümummilli lider Heydər Əliyev həmin dövrdə təqib olunmasına baxmayaraq, həyatını təhlükə altında qoyub 20 Yanvar faciəsinin günahkarlarını cəsarətlə ifşa etməklə xalqını dərindən sevdiyini nümayiş etdirdi.
Bu siyasət Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslər və şəhid ailələri üçün təqaüdlərinin artırılması onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 33 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 yanvarda onların xatirəsini dərin ehtiramla yad edir. Allah bütün Şəhidlərə rəhmət etsin!

Sevinc Ələkbərova
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tarix müəllimi

Keçidlər