Hüququn gücü, yoxsa Gücün hüququ?!
Konstitusiyamıza görə, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Adıçəkilən 4 anlayış ölkəmizdə hüquq sistemi, idarəçilik forması, insan və vətəndaş azadlıqları ilə bağlı ilkin qənaəti yaradır. Məlum olur ki, ölkəmizdə hüququn aliliyi var, vətəndaş cəmiyyətinin qurulmasına önəm verilir, şəxsiyyət azadlığı qorunur. Eyni zamanda Azərbaycanın da dünyada beynəlxalq hüququn prinsipləri əsasında bir dövlət kimi hüquqları qorunmalıdır. Bunu biz yox, beynəlxalq hüququn prinsipləri göstərir. Beynəlxalq hüququn prinsipləri — beynəlxalq və dövlətlərarası müqavilələrdə, beynəlxalq təşkilatların əsasnamələrində, beynəlxalq məhkəmələrin qərarlarında, habelə beynəlxalq praktikada və beynəlxalq ictimaiyyət tərəfindən məcburi tətbiq edilməsinə dair sübutlar, mövcud beynəlxalq qanunlarda əsas qanun və normalardır. Beynəlxalq hüquq prinsiplərinin əsas mənbələri BMT nizamnaməsi, 1970-ci il beynəlxalq hüquq prinsipləri bəyannaməsi və Avropada təhlükəsizlik və əməkdaşlıq konfransının 1975-ci il Helsinki Yekun Aktıdır. Və Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunub. Yəni sözügedən təşkilat dünya birliyinin ortaq təşkilatı kimi Azərbaycanın da dünyada hüquq və azadlıqlarının qorunması və ona hörmət edilməsini təmin etməyə borclu olan bir beynəlxalq qurumdur. Bəs təmin edə bildimi?
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.
1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələndi və Azərbaycanın tarixi torpaqları işğal olundu.
Avropa İttifaqı da 1993-cü ildən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına, tərəflərin ərazi bütövlüyünə, beynəlxalq sərhədlərinə hörmət göstərilməsinə və heç bir beynəlxalq legitimliyi olmayan, güc yolu ilə yaradılmış vəziyyətdən imtina edilməsinə çağırıb. Təşkilatın öz tərəfdaşları ilə münasibətləri qeyd edilən prinsiplər üzərində qurması bir daha onu göstərir ki, fundamental hüquqi prinsiplərə riayət edilmədən beynəlxalq münasibətlərin tənzimlənməsi mümkün deyil. Şərq Tərəfdaşlığı çərçivəsində qəbul edilən sənədlər və bəyanatlar bunun bariz nümunəsidir. 2017-ci il noyabrın 24-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitində qəbul edilən birgə bəyannamədə Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməklə bu məsələdə qərarlı olduğunu nümayiş etdirib. Qərarlı olduğunu əməli şəkildə göstərə bildimi?!
Bütün cəmiyyətlərdə olduğu kimi, bizim cəmiyyətimizdə də şəxsiyyətin sosiallaşmasını səciyyələndirən cəhətlərdən biri də xalqın, toplumun çətin məqamlarda düşmənə qarşı tez bir vaxtda birləşə bilməsi, yadelli işğalçılara qarşı mübarizə ruhunda səfərbər olmağı bacarmasıdır.
Vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. Ötən ilin son aylarına təsadüf edən, Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi. Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.Azərbaycan torpaqlarının 30 il davam edən işğalı nəhayət ki, sona çatdı. Lakin işğalın bitməsi və Ermənistanın məğlubiyyəti problemin tam həlli demək deyil. Beynəlxalq qanunlara uyğun olaraq, sülh əldə olunması qonşu dövlətlərin bir-birilərinin sərhədlərinin müəyyən olunması və bu sərhədlərin Beynəlxalq hüquq və normalar çərçivəsində təsdiq olunmasıdır. Ermənistan özünün qədim adət-ənənələrinə söykənərək hər dəfə sülhü çağırışlarından qaçaraq gizlənməkdə davam edir. Vətən müharibəsindən sonra yaşadğımız 2 il ərzində Azərbaycan və dünya birliyi üzrə qurumların bu istiqamətdə ciddi səyləri praktik mahiyyət daşıyır. Bu istiqamətdə ən uğurlu addımlardan biri oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel arasında keçirilmiş görüşdür.
Ümumiyyətlə, Praqada keçirilən sammit Azərbaycanın hərtərəfli güvənilən tərəfdaş və Avropanın enerji təhlükəsizliyində vacib tərəfdaş olduğunu göstərmək baxımından müstəsna əhəmiyyət daşıyır.
Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü bölgəyə hamı üçün faydalı olan sülh və sabitlik gətiriilməsinə xidmət edir. Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ilin sonuna kimi Ermənistanla sülh sazişi imzalana bilər. Praqa görüşündə qəbul olunan bəyanat rəsmi Bakının növbəti diplomatik qələbəsidir.
Bu görüşdə diqqəti çəkən əsas məqamlardan biri də Azərbaycan və Türkiyə liderlərinin Praqada səmimi qardaşlıq münasibətləri ilə yenidən bir arada olmaqlarıdır. Planetdə baş verənlər onu deməyə əsas verir ki, hazırda dünyada Hüququn gücü deyil, Gücün hüququ dominantlıq təşkil edir! Azərbaycan və Türkiyə arasında olan səmimi qardaşlıq, həm də digər türk dövlətləri üçün TURAN birliyinin təşəkkülülünün subliminal mesajıdır!
Hüseyn Mirzəyev
Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey Publik Hüquqi Şəxsin direktoru, filoloq, kulturoloq, psixoloq