Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Füzuli rayonunun Dədəli kəndinin təməlinin qoyulması mərasimində iştirak edib

06 may 2023 | 14:17

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunun Dədəli kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.

Dövlətimizin başçısına kənddə görüləcək işlərlə bağlı məlumat verildi.

Bildirildi ki, kəndin layihələndirilən ümumi ərazisi 314 hektardır. Bu kənddə 4495 nəfərin (1129 ailə) məskunlaşması nəzərdə tutulub. Tikiləcək 1050 fərdi evin hər birinin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Qeyd edildi ki, birinci mərhələdə Dədəli kəndində 1373 nəfərin yaşayacağı 327 fərdi ev tikiləcək.

Kənddə çoxfunksiyalı inzibati bina, məscid və mərasim evi, yanacaqdoldurma məntəqəsi, aptek, idman klubu, tibb mərkəzi, 840 yerlik orta məktəb, 100 yerlik iki uşaq bağçası, istirahət və yaşıllıq zonaları, klub-icma mərkəzi və kitabxana, ticarət obyektləri, bazar fəaliyyət göstərəcək.

Məlumat verildi ki, Dədəli kəndi də tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət məqsədilə bu kənddə də alternativ enerjidən istifadə, istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub. Bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq. Kənddə tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev Dədəli kəndinin təməlini qoydu.

Keçidlər