İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər
Mayın 5-də Xocavənd rayonunun Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məhəllənin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma yaşayış məhəlləsi barədə məlumat verildi.
Bildirildi ki, ümumi sahəsi 99 hektara yaxın olan ilk yaşayış məhəlləsi Tuğ kəndinin təsdiq edilmiş Baş planına uyğun qaydada salınacaq. 1089 nəfərin yaşaması üçün nəzərdə tutulan məhəllədə birinci mərhələdə 24 tarixi fərdi ev bərpa ediləcək, 95 ev isə yenidən tikiləcək. Növbəti mərhələlərdə isə məhəllədə 244 yeni fərdi evin tikilməsi nəzərdə tutulur.
Məhəllədə 360 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, ticarət mərkəzləri, məscid, kilsə, tibb məntəqəsi, aptek, idman sağlamlıq sahəsi, tərəvəz və meyvə anbarı da olacaq. Ümumiyyətlə, yaşayış məhəlləsində əhalinin məşğulluğu üçün hər cür şərait təmin ediləcək.
Diqqətə çatdırıldı ki, Tuğ kəndində bir sıra binaların - inzibati bina, klub-icma mərkəzi, məktəb, bağça və 15 fərdi evin tikinti-bərpa işlərinin 2024-cü ilin martında tamamlanması planlaşdırılır.
Dövlətimizin başçısı Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməlini qoydu.