İlham Əliyevin Prezident seçilməyindən 19 il ötür.
Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanmaqla müstəqil Azərbaycan dövlətinin başçısı seçildiyi 2003-cü ilin 15 oktyabr tarixindən 19 il ötür. 15 oktyabr 2003-cü il tariximizin inkişafla başlayıb zəfərlə davam edən ən qüdrətli mərhələsidir. Həmin tarixdə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 2003-cü ilin 15 oktyabrında Ümummilli Lider Heydər Əliyevin xalqa müraciəti zamanı söylədiyi bu fikirlər bir anda bütün xalqı vahid amal ətrafında səfərbər etdi. İlham Əliyev 2003-cü ilin 15 oktyabr tarixində xalqın səsinin mütləq əksəriyyətini qazanaraq keçirilmiş seçkilərdə 76 faizdən çox səslə Prezident seçilmişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. “Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir” deyən cənab İlham Əliyevin 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərindən qalib çıxmasını şərtləndirən əsas amil onun daim xalqın yanında olması, xalqının isə onu alternativsiz etimad ünvanı kimi görməsi idi. Azərbaycan seçiciləri İlham Əliyevin diplomatik məharətinə onun Milli Məclisin deputatı kimi Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətimizin başçısı olarkən əldə etdiyi uğurlardan yaxşı bələd idilər. Məhz gələcək dövlət başçısının prinsipiallığı, təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində AŞPA münaqişə tarixində ilk dəfə olaraq Ermənistanı işğalçı dövlət kimi tanıyan rəsmi sənəd qəbul etdi. Bilavasitə həmin peşəkarlığın nəticəsi idi ki, 2003-cü ilin yanvarında Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri İlham Əliyev AŞPA sədrinin müavini və qurumun Büro üzvü seçildi. Dünyanın azsaylı liderlərindəndir ki, bütün istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətin nəticəsi yalnız uğur olan Azərbaycan Prezidenti İlham Əliyev atdığı hər bir addımında öncə ciddi konseptual əsasları haqqında düşünür, dəqiq hesablamalar aparmağı bacarır. Ən əsası, dövlət və milli maraqlar uğrunda böyük iradə, prinsipiallıq nümayiş etdirir. Bu mənada artıq bütün dünya yaxşı bilir ki, Azərbaycan Prezidenti milli maraq məsələlərində heç bir halda güzəştə getmir. Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanmaqla müstəqil Azərbaycan dövlətinin başçısı seçildiyi ötən 19 il böyük zaman məsafəsi deyil, amma bu dövrdə xalqın, millətin gələcəyi üçün böyük miqyasda işlər görülüb, Azərbaycanda uzunmüddətli siyasi sabitlik, davamlı iqtisadi inkişaf təmin edilib və müstəqilliyin dayaqları möhkəmləndirilib. Dövlətin iqtisadi uğurları ordu qurucluğunun da inkişaf etdirilməsinə zəmin yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun ən başlıca istiqamətlərindən biri məhz ordunun hərbi qüdrətinin artırılmasıdır. Məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bizim ordu regionun ən qüdrətli ordusudur. Hakimiyyətdə olduğu illər ərzində Prezident İlham Əliyev Azərbaycanı yalnız daxildən inkişaf etdirmədi. Dövlət başçısı ölkəmizin beynəlxalq əlaqələrini genişləndirməklə, beynəlxalq arenadakı nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıdıb. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın bütün siyasi təzyiq və təhdidlərə sinə gərməsi də dövlət başçısının beynəlxaq arenada qətiyyətli siyasət yürütməsinin nəticəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi.
İbrəhimova Aynur
Şirvan Şəhər Tarix-Diyarşünaslıq muzeyinin direktoru