İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələrdən biridir.
Azərbaycanda ötən 8 ildə qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da, son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən, son 8 ildə ölkədə qeyri-neft sektorunda artım 2.2 dəfədən çox olub. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. İndiki dövrdə hər bir ölkənin inkişafının bu və ya digər dərəcədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişaf və tətbiq səviyyəsi ilə bağlı olduğu heç kəsdə şübhə doğurmur. İnformasiya-kommunikasiya texnologiyaları qeyri-neft sektorunun bir istiqaməti olmaqla hazırda dünyada daha çox perspektivli və gəlirli sahə kimi formalaşmışdır. Bu da ölkəmizdə də sözügedən sahənin dinamik inkişafını əsaslandıran və şərtləndirən amil kimi çıxış etməkdədir. Azərbaycanın yeni inkişaf paradiqmaları sırasında informasiya-kommunikasiya texnologiyaları sektorunun üstün inkişafının təmin edilməsi xüsusi yer tutur. İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun dinamik şəkildə həyata keçirilməsi və təkmilləşdirilməsinin təmin edilməsi Respublikanın yeni inkişaf paradiqmalarından biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı Azərbaycanı fərqləndirən cəhətlərdən biridir və ölkəmizin gələcəyini təmin edəcək. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması bu sektorun inkişafına göstərilən siyasi iradənin və yüksək diqqətin gözlənilən nəticəsidir. Azərbaycan Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul edən ilk və yeganə dövlətdir. Ümummilli lider Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” ölkəmizdə İKT sahəsində yeni bir mərhələni ərsəyə gətirdi. İnnovasiyalara əsaslanan İKT sektorunun inkişaf etdirilməsi ilə bağlı Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu strategiya üzrə sistemli fəaliyyətlər Azərbaycanı müasir ölkəyə çevirməyi qarşıya hədəf qoyan Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiqlənən Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci və 2010-2012-ci illəri əhatə edən Dövlət proqramları ölkəmizdə İKT sektorunun inkişafına güclü hüquqi baza yaradıb. Bundan başqa, respublikamızda İKT sektorunun dinamik inkişafını stimullaşdıran təkmil qanunvericilik bazası mövcuddur. Dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə və yaradılan dolğun, mükəmməl qanunvericilik bazası ölkəmizdə İKT sektorunun dinamik inkişafını sistemli şəkildə təmin etmişdir. Son 10 ildə respublikamızda informasiya-kommunikasiya texnologiyaları sektorunda hər il 20-25 faiz civarında artım müşahidə edilib, bu sektor hər 3 ildə 2 dəfə genişlənib. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına 3 milyard ABŞ dollarından artıq vəsait yatırılıb. Nəticədə, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artıb. Qeyd etmək xoşdur ki, Respublikamızda 2008-ci ildə MDB regionunda ilk dəfə ölkə ərazisinin tam telefonlaşdırılması təmin edilib. Bundan başqa, 2010-cu ildə yenə MDB-də ilk dəfə olaraq ölkəmizdə telefon şəbəkəsinin tam elektronlaşdırılması başa çatdırılıb, eyni zamanda, ölkə ərazisində telefon şəbəkəsinin təqribən 40 faizi NGN texnologiyası əsasında yenidən qurulub. Respublikamızda 2012-ci ildən etibarən mobil şəbəkədə 4G xidmətinin istifadəyə verilməsi də əhaliyə göstərilən rabitə xidmətlərinin yüksəldilməsində mühüm hadisələrdəndir. Yüksək texnologiyalar parkının yaradılması ilə Azərbaycanda müasir dünya çağırışlarına cavab verəcək yüksək texnologiyalar parklarının yaradılması, eləcə də startap layihələrinin dəstəklənməsi ölkəmizdə İKT sektorunun yeni bir istiqaməti kimi səciyyələndirilir. 2012-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb. Fondun yaradılmasında əsas məqsəd ölkədə İKT sahəsində sahibkarlığın inkişafına maliyyə dəstəyini təmin etməkdən, sahəyə investisiya axınını artırmaqdan, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyasına, elmi-tədqiqat işlərinin, innovasiyaların tətbiqinin genişləndirilməsinə nail olmaqdan ibarətdir. İnkişaf etməkdə olan müstəqil Azərbaycan artıq dünya kosmik ailəsinin üzvüdür. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq Sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını formalaşdırmışdır. Ölkəmizin ilk peyki olan “Azerspace-1” 7 fevral 2013-cü il tarixində Fransaya məxsus Kuru kosmodromundan orbitə buraxılıb. Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edən “Azerspace-1”in orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək. Azərbaycanın ilk peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulub. Hazırda “Azerspace-1” peykinin üzərindən yerli və beynəlxalq səviyyəli bir çox televiziya və radio kanalı yayımlanır. Azərbaycanın dünya kosmos ailəsinin tərkibində fəaliyyəti yalnız “Azerspace-1”lə yekunlaşmır. Ölkəmizdə peyk infrastrukturunun inkişafı və müxtəlif təyinatlı peyklərin orbitə çıxarılması məqsədilə aparılan ardıcıl işlər çərçivəsində cari ilin may ayında “Azərkosmos” ASC ilə “Airbus Defence and Space” arasında “Yerin müşahidə xidmətləri sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb. Azərbaycan çox yaxın illərdə orbitə yeni peyklərini çıxarmaq niyyətindədir. “Azerspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma cari ilin sonunadək hazır olacaq. İKT sektorunun dinamik inkişafı “elektron hökumət” layihəsinin nəzərdə tutulmuş məqsədlərə çatacaq şəkildə reallaşdırılmasını zəruri etmiş olur. Ölkəmizdə İKT sektorunun varlığının konkret təzahürünü “elektron hökumət” layihəsinin uğurlu nəticələrində görmək mümkündür. Dövlət başçısının müxtəlif illərdə imzaladığı müvafiq Fərman və Sərəncamlarla, Milli Məclis tərəfindən qəbul edilən qanunlarla tətbiqinə möhkəm hüquqi baza yaradılan “elektron hökumət” layihəsi ölkəmizdə “vahid pəncərə” prinsipi ilə reallaşdırılır. Azərbaycanda “elektron hökumət”in əsas prinsipi yüksək səviyyəli informasiya cəmiyyəti quruculuğuna, dövlət orqanlarının işinin səmərəliliyini artırmağa, şəffaflığı təmin etməyə, korrupsiya hallarının qarşısını almağa nail olmaqdan və vətəndaş məmnunluğunu təmin etməkdən ibarətdir. Son illərdə Respublikamızda informasiya cəmiyyəti quruculuğu sahəsində əldə olunan nailiyyətlər “elektron hökumət” layihəsinin geniş populyarlıq qazanmasını təmin edib. Təsadüfi deyil ki, BMT-nin yaydığı hesabatda 2014-cü ildə “elektron hökumət”in inkişaf səviyyəsinə görə dünya ölkələrinin reytinq cədvəlində respublikamız 193 ölkə arasında 68-ci yerdə qərar tutub. Ölkəmizdə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərinin yaradılması da İKT sektorunun dinamik inkişafına əsaslanır. Hazırda “ASAN xidmət” bütün dünyada innovasiyalar və alternativ yollarla dövlət xidmətləri təklif edilməsinin Azərbaycan brendi kimi şöhrət tapıb. Azərbaycan təhsilində İKT-nin sürətli və dinamik inkişafı prioritet sahədir və yüksək diqqət mərkəzindədir. 2019-2020-ci tədris ilindən etibarən start götürən “STEAM Azerbaijan” layihəsi artıq Respublikanın yüzlərlə məktəbini əhatə edir. STEAM Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) bir-birinə inteqrasiya olduğu təhsil metodudur. Şagirdlərdə kreativ yanaşma vərdişi yaradan bu metod, orta təhsildən başlayaraq məktəblilərin İKT-dən (İnformasiya və Kommunikasiya Texnologiyaları) sərbəst istifadə etmələri üçün tədris olunur. Hazırda ölkəmizdə bütün sahələrdə mütəxəssislərin İKT ilə işləmək və onlardan sərbəst şəkildə istifadə etmək bacarığına çox böyük önəm verilir. Bütün bunlardan əlavə, İKT-dən istifadə etməklə təhsildə, bununla yanaşı fərqli sahələrdə də idarəetməni xeyli təkmilləşdirmək mümkündür. Dünya təcrübəsi sübut edir ki, İKT-dən geniş istifadə edilən təhsil metodlarında pedaqoji heyətin də üzərinə önəmli məsuliyyətlər düşür. STEAM təhsil metodunda bu məsələyə xüsusilə diqqət yetirilməsi, eləcə də, şagirdlərin kollektiv anlayışını mənimsəyəcək şəkildə öyrədilməsi onların gələcək kariyeralarında da komanda işi görmə qabiliyyətinin artmasında rol oynayır. Hazırda Azərbaycanda bir çox STEAM mərkəzləri fəaliyyət göstərir. Onu da qeyd etmək xoşdur ki, ölkəmizdə ilk STEAM mərkəzi məhz Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin nəzdində yaradılmışdır. Şirvan STEAM Mərkəzi qısa müddət ərzində böyük nailliyyətlərə imza atmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz bütün sahələrdə olduğu kimi İKT üzrə də dünya ölkələri ilə rəqabətdədir. Bu da qeyd olunan məqsədyönlü fəaliyyətlər və uğurlu nəticələrlə özünü sübut etmiş olur.
Hüseyin Mirzəyev
Şirvan Şəhər Kimya-biologiya təmayüllü liseyin direktoru