İsmət Qayıbov adına Mədəniyyət və İstirahət parkında əsaslı yenidənqurma işlərinin aparılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.
Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq şəhər ərazisində turizm nümayiş obyekti kimi istifadə oluna biləcək İsmət Qayıbov adına Mədəniyyət və İstirahət parkında əsaslı yenidənqurma işlərinin aparılması, Kür çayı sahilində (sahilboyu) bulvarın salınması üzrə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.
Bu məqsədlə bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov aidiyyəti idarələrin məsul şəxsləri ilə birlikdə əraziyə baxış keçirib və görüləcək işlərlə yerində tanış olub.
Qeyd edək ki, ərazisi 2,5 ha olan İsmət Qayıbov adına Mədəniyyət və İstirahət parkı xüsusi layihə əsasında yüksək keyfiyyətlə abadlaşdırılaraq şəhər sakinlərinin və qonaqların mədəni istirahətinə, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edəcəkdir. Nəzərdə tutulan işlər çərçivəsində əraziyə asvalt-beton örtük vurulacaq, tamet tavalar, beton bardyurlar döşənəcək. İşıqlandırma sistemi və su xətti yenilənəcək. Gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə fitnes idman və uşaql əyləncə qurğuları quraşdırılacaq. Parkda müasir oturacaqlar, söhbətgahlar və tullantı qutuları qoyulacaq. Mövcud sanitar qovşaq təmir olunaraq yenidən qurulacaqdır.
Parkın ərazisində yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə dekorativ ağac və gül-çiçək kollları əkiləcək, qazon örtük salınacaqdır.
13 prioritet istiqaməti əhatə edən “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf Proqramı Şirvan şəhərinin inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəkdir.